Martın 13-də Mədəniyyət Nazirliyi və Respublika “Xatirə Kitabı” Redaksiyasının “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin Şamaxı rayon Mədəniyyət Mərkəzində təqdimatı keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonundan olan şəhid ailələri, Şamaxı Rayonun İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Redaksiyanın əməkdaşı Hikmət Məlikzadə qeyd edib ki, təqdimatı keçirilən bu cildlərdə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev, şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, şəhid Orxan Nəbiyevin atası Aydın Nəbiyev, şəhid Yalçın Rəgimovun atası Elçin Rəhimov çıxış etdilər.
Bildirilib ki, Respublika “Xatirə Kitabı” müxtəlif dövrlərdə Azərbaycanın üzləşdiyi faciə və müharibələrdə həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız , eləcə də ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında materialların toplanması və nəşri istiqamətində fəaliyyət göstərir. Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub.
Natiqlər “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin nəşrini yüksək qiymətləndirərək, bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

