Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Mərkəzi Aran, Mil-Muğan və Şəki-Zaqatala regional şöbələrinin əməkdaşları üçün əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlara dair təlim təşkil olunub.
DƏMX-dən “Tehsil365"ə verilən məlumata görə, təlim AZS ISO 45001:2020 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemi” və AZS ISO 45003:2023 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi – iş yerində psixososial risklərin idarə olunması üzrə rəhbəredici göstərişlər” standartları üzrə keçirilib.
Təlimin məqsədi əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni standartlarla bağlı əməkdaşların məlumatlılıq səviyyəsini artırmaq, peşə sağlamlığı və təhlükəsizliyi sahəsində müasir yanaşmalar barədə biliklərini genişləndirmək olub.
Təlim çərçivəsində iştirakçılara iş yerlərində psixososial risklərin müəyyən edilməsi və idarəolunması, həmçinin peşə sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqi ilə bağlı ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq fikir mübadiləsi aparıblar.
Təlimin yekununda əməkdaşlar proqrama uyğun olaraq imtahan ediliblər.

