Ekspert əlavə edib ki, beynəlxalq şirkətlərlə sıx ünsiyyət və əməkdaşlıq qlobal təhdidləri vaxtında müəyyən etməyə imkan verir.
“Tehsil365”ə açıqlama verən kibertəhlükəsizlik eksperti Elvin Abbasov bildirib ki, kibercinayətkarlıqla mübarizədə ən effektiv tədbirlərdən biri “Sıfır Etibar” (Zero Trust) modelinə keçid və süni intellekt əsaslı proaktiv müdafiə sistemlərinin qurulmasıdır. Onun sözlərinə görə, bu yanaşma çərçivəsində şəbəkə daxilindəki hər bir giriş cəhdi mütləq şəkildə doğrulanmalı, sistemlər isə istifadəçi davranışlarını analiz edərək qeyri-adi fəallığı insan müdaxiləsi olmadan saniyələr içində bloklamalıdır.
“Kibercinayətkarlıqla mübarizədə ən effektiv tədbirlərdən biri ‘Sıfır Etibar’ modelinə keçid və süni intellekt əsaslı proaktiv müdafiə sistemlərinin qurulmasıdır. Bu yanaşma çərçivəsində şəbəkə daxilindəki hər bir giriş cəhdi mütləq şəkildə doğrulanmalı, sistemlər isə istifadəçi davranışlarını analiz edərək qeyri-adi fəallığı insan müdaxiləsi olmadan saniyələr içində bloklamalıdır,” – deyə Elvin Abbasov vurğulayıb.
Bununla yanaşı, qurumların etik hakerlərlə mütəmadi sızma testləri (penetration testing) aparması və proqram təminatındakı boşluqları cinayətkarlardan əvvəl aşkarlaması texniki təhlükəsizliyin əsas dayaqlarından biridir.
Elvin Abbasov həmçinin qeyd edib ki, texniki tədbirlərlə yanaşı, cəmiyyətdə rəqəmsal savadlılığın və vətəndaş məsuliyyətinin artırılması kibercinayətlərin sayını kəskin azalda bilər: “Kibertəhlükəsizliyin erkən yaşlardan təhsil proqramlarına daxil edilməsi və genişmiqyaslı maarifləndirmə kampaniyaları insanların ‘sosial mühəndislik’ fəndlərinə qarşı müqavimətini gücləndirir. Unutmaq olmaz ki, ən güclü şifrələmə texnologiyası belə, istifadəçinin ehtiyatsızlığı qarşısında aciz qala bilər. Bu səbəbdən hər bir fərdin rəqəmsal gigiyena qaydalarına — iki-faktorlu təsdiqləmənin aktiv edilməsi və şübhəli mənbələrdən qaçınılması kimi vərdişlərə sahib olması kollektiv təhlükəsizliyin əsas şərtidir.”

