Təhsil prosesində müəllim yalnız bilik ötürən şəxs deyil, eyni zamanda şagirdin motivasiyasına təsir edən əsas fiqurlardan biridir. Mütəxəssislər bildirirlər ki, müəllimin davranışı uşağın dərsə marağına və özünə inamına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, müəllimin şagirdə yanaşma tərzi onun təhsil prosesinə münasibətini formalaşdırır: “Dəstəkləyici və anlayışlı müəllim şagirdlərdə öyrənməyə maraq yaradır. Əksinə, sərt tənqid və davamlı müqayisə uşaqlarda motivasiyanın azalmasına səbəb ola bilər.”
Mütəxəssis qeyd edib ki, müəllimin şagirdə verdiyi psixoloji dəstək çox vacibdir: “Şagird öz fikrini sərbəst ifadə edə bildiyi və səhv etməkdən qorxmadığı mühitdə daha aktiv olur.”
Psixoloq vurğulayıb ki, motivasiyanın artırılması üçün müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalıdır: “Hər uşağın öyrənmə tempi və psixoloji xüsusiyyətləri fərqlidir. Fərdi yanaşma və təşviqedici münasibət şagirdin potensialını üzə çıxarmağa kömək edir.”

