Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə “Gənc memarlar üçün karyera imkanları” forumu keçirilib.
“Tehsil365“ xəbər verir ki,bu barədə Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 200-dən çox gəncin iştirak etdiyi forumun əsas məqsədi memarlıq sahəsində təhsil alan və bu istiqamətdə karyera qurmaq istəyən gənclərin peşəkar inkişafına dəstək olmaq, onları əmək bazarındakı mövcud imkanlar və çağırışlar barədə məlumatlandırmaq olub.
Tədbirin açılış hissəsində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova gənclərin memarlıq sahəsində inkişafının əhəmiyyətindən, bu istiqamətdə mövcud imkanlardan və dövlət tərəfindən həyata keçirilən təşəbbüslərdən bəhs ediblər.
Qeyd olunub ki, ölkədə memarlıq və şəhərsalma sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilən xüsusi diqqətin göstəricisidir. Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi memarlıq və şəhərsalma sahəsinin inkişafına mühüm töhfə verəcək.
Forum çərçivəsində “Əmək bazarı və gənc memarlar: İmkanlar və çağırışlar” mövzusunda panel müzakirəsi təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyevin moderatorluğu ilə keçirilən panel müzakirəsində Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, “MANARCH” memarlıq şirkətinin təsisçisi İlqar Manafsoy və “PMD Projects” şirkətinin şöbə müdiri, memar Kamran Kərimov spiker qismində çıxış ediblər.
Panel müzakirəsi zamanı spikerlər memarlıq sahəsində gənclər üçün mövcud karyera imkanları, əmək bazarının tələbləri, praktiki təcrübənin əhəmiyyəti və peşəkar inkişaf yolları barədə öz təcrübələrini bölüşüblər. Həmçinin gənclərin sualları cavablandırılıb, memarlıq sahəsində uğurlu karyera qurmaq üçün vacib bacarıqlar və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

