Türkiyənin İğdır vilayətində Novruz bayramı münasibətilə tədbirlərə start verilib.
“Tehsil365“ xəbər verir ki, ənənəvi bayram tədbirlərinin açılışı martın 13-də İğdır Universitetinin “Karaağaç” kampusunun ərazisində keçirilib. Tədbir Türkiyə ali məktəbinin rektorluğu, Türkiyə–Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyası (TADDEF) və İğdırdakı “Azərbaycan Evi” Cəmiyyəti tərəfindən təşkil olunub.
Tədbiri açan TADDEF-in sədrinin müavini Serdar Ünsal iştirakçılara Novruz bayramı haqqında məlumat verib.
Onun sözlərinə görə, baharın gəlişini müjdələyən bu bayram əsrlər boyu bütün Türk dünyasında, o cümlədən Anadoluda xüsusi sevinc hissi ilə qeyd olunur.
O bildirib ki, Novruzun adət-ənənələri dünya mədəni irsinin mühüm hissəsidir, bu bayram müxtəlif mədəniyyətlər və dinlər arasında sərhəd tanımayan dostluq rəmzidir.
Daha sonra çıxış edən İğdır Universitetinin müəllimi Sözer Akıldırım Novruz bayramının tarixi və ənənələri barədə məlumat verib. O vurğulayıb ki, Novruz qədimdən böyük sevgi ilə qeyd olunan və Şərq xalqlarının ən parlaq bayramlarından biri olub və belə də qalacaq.
Tədbir Novruz mövzusunda şeirlərin səsləndirilməsi və “Baydar” rəqs qrupunun çıxışı ilə davam edib.

