Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) arasında rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqaməti üzrə müzakirələr aparılıb.
“Tehsil365“ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin 13-cü Qlobal Bakı Forumu çərçivəsində UNCTAD-ın baş katibi Rebeka Qrinspan ilə görüşündə aparılıb.
Onun sözlərinə görə, tərəflər iqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalq ticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələr edib: "Həmçinin iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını vurğuladıq".

