Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalarda yayılan bəzi məzmunlar cəmiyyətin düşüncə tərzinə və münasibətlərə mənfi təsir göstərə bilər.
Politoloq Sahil İsgəndərov sosial şəbəkələrin cəmiyyətə təsiri ilə bağlı fikirlərini bölüşüb.
O, “Tehsil365”ə açıqlamasında bildirib ki, sosial şəbəkələr artıq insanların gündəlik tələbatına çevrilib və müasir cəmiyyətin həyatında mühüm yer tutur. Bununla belə, bu platformalarda yayılan bəzi məzmunların keyfiyyətsiz və manipulyativ olması müəyyən narahatlıqlar yaradır.
Politoloqun sözlərinə görə, sosial şəbəkələr bəzən insanlar arasında canlı ünsiyyəti ikinci plana keçirir və bu da ailə daxilində münasibətlərə təsir göstərə bilir.
“Artıq bir çox hallarda ailə üzvlərinin bir araya gəlib ünsiyyət qurması əvvəlki qədər müşahidə olunmur. Hər kəs öz sosial şəbəkə dünyasına qapılır və bu vəziyyət ailə daxilində münasibətlərin zəifləməsinə səbəb ola bilər”, – deyə o qeyd edib.
Sahil İsgəndərov bildirib ki, xüsusilə uşaqlar və yeniyetmələr sosial şəbəkələrdə yayılan müxtəlif məzmunların təsiri altına daha tez düşə bilirlər. Onun fikrincə, bəzən bu platformalarda yayılan məlumatlar və görüntülər gənclərin düşüncə və davranışlarına mənfi təsir göstərir.
Politoloq vurğulayıb ki, sosial şəbəkələrdə sensasiya və diqqət cəlb etmək məqsədilə yayılan qeyri-dəqiq və ya səthi məlumatlar insanların müxtəlif məsələlərə qərəzli yanaşmasına səbəb ola bilər.
Sahil İsgəndərov hesab edir ki, sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz hissəsi olsa da, bu sahədə daha keyfiyyətli və maarifləndirici məzmunun artırılmasına ehtiyac var.

