Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarovun rəhbərlik etdiyi Məmmədyarovlar Şahmat Məktəbi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
“Tehsil365" xəbər verir ki, sənəd təhsil, elm və intellektual idmanın inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Memorandumun imzalanması münasibətilə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Məmmədyarovlar Şahmat Məktəbində olub. Qonaqları məktəbin qurucuları və rəhbərləri – tanınmış şahmatçı Şəhriyar Məmmədyarov, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova qarşılayıblar.
Görüş zamanı gənclər arasında intellektual idman növlərinin təşviqi, strateji düşüncə bacarıqlarının inkişaf etdirilməsi və universitet–idman əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.
Rektor Anar Eminov bildirib ki, universitet mühitində tələbələrin yalnız akademik biliklərinin deyil, həm də analitik və strateji düşünmə bacarıqlarının inkişafı mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şahmat gənclərin məntiqi təfəkkürünün, qərarvermə bacarıqlarının və liderlik keyfiyyətlərinin formalaşmasına mühüm töhfə verir.
Görüşdə Mingəçevir Dövlət Universitetində şahmat klubunun yaradılması, açıq şahmat günlərinin təşkili, ustad dərslərinin keçirilməsi və regional turnirlərin təşkil edilməsi kimi təşəbbüslər də müzakirə olunub.
Bundan əlavə, universitetin elmi potensialından istifadə etməklə “AI Chess Research Lab” – süni intellekt və şahmat üzrə tədqiqat laboratoriyasının yaradılması planlaşdırılır. Laboratoriyada şahmat oyunlarının süni intellekt vasitəsilə analizi, data əsaslı oyun strategiyalarının tədqiqi və robotika ilə süni intellekt dərslərində şahmat modellərinin tətbiqi nəzərdə tutulur.
Tərəflər arasında hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində regional və ya respublika səviyyəli şahmat turnirlərinin keçirilməsi də əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qeyd olunub.
Qeyd edək ki, imzalanan Memorandum gənclər arasında şahmatın inkişafına dəstək verilməsi, analitik və strateji düşüncə bacarıqlarının gücləndirilməsi, eləcə də elm, təhsil və intellektual idman sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

