Kitabların daha çox insanın diqqətinə çatması üçün onların əlçatan və görünən olması vacibdir.
Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı Rövşən Abdullaoğlu bildirib.
Onun sözlərinə görə, gənclərin kitaba marağının artması üçün kitabların insanların tez-tez olduğu məkanlarda təqdim olunması mühüm əhəmiyyət daşıyır.
“Kitabı əlçatan etmək lazımdır. İnsan hara gedirsə getsin kitabı görməlidir. Mallarda, avtobus dayanacaqlarında və hətta ərzaq mağazalarında belə kitab vitrinləri yerləşdirilə bilər”, – deyə o qeyd edib.
Yazıçı həmçinin vurğulayıb ki, tanınmış şəxslərin kitab təbliğatına qoşulması da oxu mədəniyyətinin inkişafına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, dünyada bir çox hallarda məşhur insanların tövsiyə etdiyi kitablar qısa müddətdə geniş oxucu kütləsi qazanır.
Rövşən Abdullaoğlu əlavə edib ki, kitabların qiymətinin daha əlçatan olması, müxtəlif endirimlərin tətbiqi və kitab təbliğatının gücləndirilməsi də cəmiyyətdə mütaliə vərdişinin formalaşmasına kömək edə bilər.

