Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür. Bu günün təsis edilməsi ilə bağlı qərar UNESCO Baş Assambleyası tərəfindən 2019-cu il noyabrın 26-da qəbul olunub. Builki gün “Riyaziyyat və ümid” mövzusuna həsr olunub.
Bu münasibətlə “Tehsil365”in əməkdaşı 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, eyni zamanda, 19 nömrəli tam orta məktəbin metodisti Fəxriyyə İbrahimova ilə söhbətləşib. Fəxriyyə xanım 40 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur. Ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Onunla müsahibəni təqdim edirik.
-Fəxriyyə xanım, riyaziyyat həqiqətən çətin fəndir, yoxsa necə? Şagirdlərin bir çoxu riyaziyyatdan qorxduğunu deyir. Sizcə, bu qorxu nədən yaranır və onu necə aradan qaldırmaq olar?
-Mən riyaziyyatı uşaqlıqdan sevdiyim üçün onu çətin deyil, əksinə, olduqca maraqlı və asan fənn hesab edirəm. Lakin cəmiyyətdə riyaziyyatın “çətin fənn” kimi qəbul olunması geniş yayılıb. Bunun səbəblərindən biri də riyaziyyatın dəqiqliyə əsaslanmasıdır. Bəzi fənlərdə müəyyən mövzuya fərqli yanaşmalar mümkündür, bəzən cavablar və şərhlər müxtəlif ola bilər. Riyaziyyatda isə əksər hallarda nəticə dəqiqdir. Məsələn, 2×3=6. Bu dəqiqlik bəzən şagirdlərə fənnin daha sərt və çətin görünməsinə səbəb olur.
Buna görə də bəzi şagirdlərdə “mən bunu heç vaxt öyrənə bilmərəm” kimi bir qorxu formalaşa bilər. Əslində isə əsas məsələ məhz bu düşüncəni dəyişməkdir. Peşəkar müəllimin vəzifəsi şagirdə “mən bunu heç vaxt öyrənə bilmərəm” fikrini deyil, “mən hələ bunu bilmirəm, amma öyrənə bilərəm” düşüncəsini aşılamaqdır. Bu yanaşma formalaşdıqda riyaziyyata münasibət də dəyişir. Bunun üçün müəllim dərs prosesində müxtəlif metodlardan istifadə etməli, mövzuları maraqlı və anlaşıqlı şəkildə təqdim etməlidir. Oyun elementləri, interaktiv fəaliyyətlər və şagirdləri düşünməyə təşviq edən üsullar dərsi daha cəlbedici edir.

