AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Albaniya Aralıq Dənizi Universitetinin fəxri prezidenti akademik Anastas Angjeli ilə görüşüb.
Akademiyadan “Tehsil365“ə bildirilib ki, görüş zamanı akademik İsa Həbibbəyli qonağa AMEA-nın tarixi, elmi müəssisə və təşkilatları, elmi layihələri və prioritet istiqamətləri barədə məlumat verib. Həmçinin son illərdə əldə olunmuş nailiyyətləri və əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Albaniya Aralıq Dənizi Universitetinin tarixi, strukturu və beynəlxalq layihələri barədə məlumat verən Anastas Angjeli xüsusilə universitetin elmi potensialı, beynəlxalq əməkdaşlıq təcrübəsindən ətraflı söz açıb.
Görüş zamanı AMEA ilə Albaniya Elmlər Akademiyası arasında imzalanacaq anlaşma memorandumunun mətni müzakirə olunub və elmi əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib.
Bundan əlavə, tərəflər iki ölkə arasında elm sahəsində əməkdaşlığın önəmini vurğulayıb, qarşılıqlı layihələrin genişləndirilməsi və birgə tədqiqatların təşviqi barədə fikir mübadiləsi aparıblar.

