Gənclərin elm və tədqiqat fəaliyyətinə marağının artırılması ölkənin innovasiya və bilik əsaslı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Günay Ağamalı gənclərin elm və tədqiqat fəaliyyətinə marağının artırılması ilə bağlı “Tehsil365”ə açıqlama verib.
Deputat bildirib ki, gənclərin elmə və tədqiqat fəaliyyətinə marağının artırılması ölkənin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müasir dünyada rəqabət yalnız iqtisadi və siyasi sahədə deyil, həm də elmi biliklər və innovasiya potensialı üzərində qurulur. Bu baxımdan Azərbaycan gənclərinin elmə yönləndirilməsi dövlətin gələcək inkişafının mühüm təminatlarından biridir.
Günay Ağamalı qeyd edib ki, gənclər üçün elmi fəaliyyətə çıxış imkanlarının genişləndirilməsi və universitetlərdə tədqiqat mühitinin gücləndirilməsi vacibdir. O bildirib ki, gənc alimlərin layihələrinə maliyyə dəstəyinin artırılması, elmi qrant proqramlarının genişləndirilməsi və beynəlxalq tədqiqat şəbəkələrinə inteqrasiyanın gücləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər.
Deputatın sözlərinə görə, gənclər yalnız nəzəri biliklərlə kifayətlənməməli, eyni zamanda praktik tədqiqat və innovativ layihələrdə də fəal iştirak etməlidirlər. O vurğulayıb ki, məktəb dövründən etibarən şagirdlərdə elmi düşüncə və araşdırma vərdişlərinin formalaşdırılması böyük əhəmiyyət daşıyır. Olimpiadalar, elmi müsabiqələr, startap layihələri və texnoloji laboratoriyalar gənclərin yaradıcılıq potensialının üzə çıxmasına kömək edir.
Günay Ağamalı əlavə edib ki, ölkədə həyata keçirilən gənclər və təhsil siyasəti bu sahədə mühüm nəticələr verir. O qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil və innovasiya sahələrinin inkişafına göstərilən diqqət gənclərin potensialının reallaşmasına geniş imkanlar yaradır.

