XIII Qlobal Bakı Forumu çərçivəsində "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel müzakirəsi keçirilib.
“Tehsil365“ xəbər verir ki, iştirakçılar süni intellektin inkişafı ilə bağlı potensial təhlükə və çağırışları müzakirə ediblər.
Müzakirə zamanı Finlandiyanın sabiq Baş naziri Mari Kiviniemi vurğulayıb ki, insanların süni intellektə etibar edə bilməsi üçün cəmiyyət onun inkişafını tənzimləməyi və idarə etməyi öyrənməlidir.
"Ötən ilin dekabrında ABŞ-də keçirilən sorğuya əsasən, amerikalıların 77 %-i süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyindən narahat olduqlarını, 68 %-i isə hər bir hərəkəti yoxlamadan onların yerinə qərar qəbul etməyi ona etibar etməyəcəklərini bildiriblər", - o qeyd edib.
Mari Kiviniemi qeyd edib ki, süni intellektdən təhlükəsiz istifadəyə cavabdeh olan tənzimləyicilərin səmərəli fəaliyyəti üçün şəffaf mexanizmlər, fərdi məlumatların qorunması və tam inklüzivliyi təmin etmək məqsədilə əhalinin bütün təbəqələrinin müasir texnologiyalara bərabər çıxışı zəruridir.
Öz növbəsində, Parlamentlərarası İttifaqın prezidenti Tuliya Akson vurğulayıb ki, müvafiq komitələrin suallarını cavablandırmaq üçün ölkələrin parlamentləri süni intellekt yaradan şirkətlərin nümayəndələrini dinləmələrə çağırmaq imkanına malik olmalıdır:
"Problem bundadır ki, özəl şirkətlər birbaşa parlamentlərə hesabat vermirlər. Bununla belə, onlar sonradan bütün dünyada istifadə olunan məhsullar yaradırlar".
Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Mehrin isə süni intellektin tənzimlənə biləcəyini deyib.
Onun fikrincə, bu, dövlətin hər zaman texnoloji innovasiyalardan geri qaldığı barədə geniş yayılmış təsəvvürdən imtina edildiyi təqdirdə mümkündür. Bu yanaşmanı çox vaxt istənilən məhdudiyyət və tənzimləmələrin guya innovasiyalara mane olduğunu hesab edənlər irəli sürürlər.
Kox-Mehrin qeyd edib ki, tənzimləmə və sərhədlərin müəyyən edilməsi vasitəsilə siyasətçilər süni intellekt texnologiyalarının istifadə oluna biləcəyi çərçivələri müəyyənləşdirə biləcəklər.
Tunisin sabiq Baş naziri Mehdi Comaa bildirib ki, süni intellekt insanın qərarlarını əvəz etmək üçün deyil, onları dəstəkləmək üçün nəzərdə tutulub. O vurğulayıb ki, süni intellektin məlumatların emalını və iş prosesini sürətləndirməsinə baxmayaraq, alqoritm insan əvəzinə qərar qəbul etməməlidir, xüsusən də mövcud qlobal siyasi böhran şəraitində.
Onun fikrincə, süni intellekt texnologiyaları dövlətlərə də təsir göstərir və hətta onları asılı vəziyyətə sala bilər: "Siyasi liderlər anlamalıdırlar ki, xüsusilə ölkənin təhlükəsizliyi və insanların həyatı ilə bağlı məsələlərdə xarici texnologiyalardan strateji asılılığa yol vermək olmaz".
Latviyanın sabiq Prezidenti Eqils Levits qeyd edib ki, onun fikrincə, əksər ölkələr üçün milli rəqəmsal suverenlik praktiki olaraq qeyri-mümkündür. İstisna yalnız ABŞ və Çin ola bilər.
"Məhz onların tamhüquqlu milli rəqəmsal suverenlik üçün real potensialı var. Bir neçə ölkəni birləşdirən vahid məkan kimi Avropa üçüncü rəqəmsal gücü yaratmaq üçün ən böyük şansa malikdir", - o qeyd edib.
Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov isə bildirib ki, süni intellekt iqtisadiyyat və gündəlik həyat üçün əhəmiyyətli faydalar gətirir, eyni zamanda qlobal təhlükəsizlik sistemini sürətlə transformasiya edir.
"Bununla yanaşı, data mərkəzlərinə və hesablama infrastrukturuna irimiqyaslı sərmayə qoyuluşu müşahidə olunur ki, bu da texnologiyaların belə sürətli artımını dəstəkləməyə imkan verəcək. 2026-2030-cu illərdə data mərkəzlərinin yaradılmasına və inkişafına investisiyaların 1 trilyon dolları keçəcəyi proqnozlaşdırılır", - o bildirib.

