Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qaradağ rayonunda yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan (108 inventar nömrəli) karvansaranın ətrafında təmizlik aksiyası keçirilib.
Bu barədə “Tehsil365“ə Dövlət Xidmətindən məlumat verib. Bildirilib ki, tədbirdə Dövlət Xidmətinin, Bakı Regional İdarəsinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Qaradağ rayonu Səngəçal bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində tarixi abidənin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq və səliqə-sahman işləri görülüb.
Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa olunmuş abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub.
Tarixi abidələrin qorunması, ətraf mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, eləcə də vətəndaşların mədəni irs nümunələrinin mühafizəsinə diqqətinin daha da artırılması məqsədi daşıyan bu kimi aksiyaların davamlı təşkil olunması planlaşdırılır.

