Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP Azərbaycan ilə əməkdaşlığı çərçivəsində keçirilən birgə qrant müsabiqələrinin qalibləri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, müsabiqə çərçivəsində müxtəlif istiqamətlər üzrə qalib layihələr müəyyənləşdirilib. Siyahıya əsasən ilk beş yer aşağıdakı təşkilat və layihələrə verilib.
Belə ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “WUF13 Tələbə Forumu” layihəsi 26 500 manat qrant qazanaraq birinci yerə layiq görülüb. İkinci yerdə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin “İnklüziv şəhər nəqliyyatı – velomobil” layihəsi (25 000 manat), üçüncü yerdə isə “Rezonans” Gənclərin İctimai Birliyinin “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi (14 500 manat) qərarlaşıb.
Dördüncü yeri “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyinin “Biomüxtəliflik uşaqların gözü ilə” layihəsi tutub və layihəyə 25 000 manat qrant ayrılıb. Beşinci yerdə isə “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin “Mental sağlamlıq: yaşıl mühitdə şəxsi inkişaf” layihəsi yer alıb və bu layihə 17 000 manat məbləğində qrantla dəstəklənib.
Qeyd edək ki, WUF13 — BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumudur. Forum şəhərlərin davamlı inkişafı, urbanizasiya və inklüziv şəhər mühitinin yaradılması ilə bağlı qlobal müzakirə platforması hesab olunur.

