Şəki Dövlət Dram Teatrında Novruz bayramı günlərində məktəblilərə və kiçikyaşlı uşaqlara təqdim etmək üçün Əməkdar incəsənət xadimi, görkəmli şairə və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında eyniadlı nağıl-tamaşa hazırlanır. Məqsəd yaz tətili günlərində uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Bu barədə “Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, teatrın Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Tamaşada dovşan və dostlarının birliyi sayəsində onlara qarşı çıxan mənfi qüvvələrin məğlub olmasından bəhs edilir. Dostluq və birlik tamaşanın əsas ideyasıdır.
Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva, Elvin Mabudov, Rəşid Mirizadə, Azad Məmmədov, Nərmin Nəbiyeva, Nuranə Mirzəliyeva və Arzuman Abdullazadə ifa edirlər.
Tamaşa gün ərzində üç seans olmaqla, martın 20-dən 29-dək davam edəcək.

