Onlar adətən sürtünmənin çox olduğu nahiyələrdə – boyun, sinəaltı, qoltuqaltı və qasıq bölgəsində rast gəlinir.
Dermatoloq həkim Tünzalə Əzizli “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, ət xalları tibbi dildə akroxordonlar və ya skin tag adlandırılır.
“Ət xalları xəstəlik sayılmır, sadəcə xoş xassəli dəri törəmələridir. Bəzən travma və sürtünmə nəticəsində onların sayı arta bilir. Xüsusilə kök insanlarda, piylənməyə meyilli şəxslərdə bədən qatları çox olduğu üçün sürtünmə artır və bu da ət xallarının çoxalmasına səbəb olur,” – deyə Tünzalə Əzizli vurğulayıb.
Ekspertin sözlərinə görə, bu törəmələrin yaranması hormonal balansla da əlaqəlidir: “Hormonal disbalans baş verdikdə, xüsusilə hamiləlik dövründə bu cür əlamətlər görünə bilər. Bundan başqa, ikinci tip şəkərli diabeti olanlarda və insulin dirənci müşahidə edilən şəxslərdə də ət xallara rast gəlinir. Ona görə də bu cür törəmələr varsa, mütləq həkimə müraciət etmək və müayinədən keçmək lazımdır.”
Tünzalə Əzizli əlavə edib ki, müalicə metodu olaraq kreoterapiya və ya lazer terapiyası tətbiq oluna bilər: “Əgər həkim müvafiq görərsə, bu törəmələrin aradan qaldırılması üçün müasir üsullardan – kreoterapiya və lazer terapiyasından istifadə olunur. Bu metodlar təhlükəsizdir və qısa müddətdə nəticə verir.”

