Mədəniyyət naziri Adil Kərimli martın 14-də Hacıqabul rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Bu barədə “Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

