"The Wall Street Journal"da dərc olunan materiallarda ABŞ-nin Yaxın Şərqdəki əməliyyatları zamanı süni intellekt (AI) modellərindən istifadə etməsi müzakirə olunur.
“Tehsil365“ xəbər verir ki, orduların raket sistemində süni intellektin istifadəsi bu modelin başqa hansı sahələrə necə inteqrasiya etməsi ilə bağlı məndə suallar yaratdı. Gəlin, bu mövzunu daha ətraflı analiz edək.
İlk növbədə, hansı ölkələrin orduda süni intellektdən istifadə etməsinə nəzər yetirək:
Hərbi süni intellektin lideri ABŞ, süni intellekti yalnız bir eksperimental sahə kimi görmür; bunu döyüş qərar vermə sistemlərinin mərkəzinə yerləşdirib. ABŞ AI-ni "hərbi üstünlük təmin edən sürətli qərar verici" kimi görür. Çin AI-ni "gələcəyin müharibəsi"nə hazırlıq kimi istifadə edir. Çin daha çox miqyas və avtomatizasiya üzərində fokuslanır. Rusiya isə süni intellekti robotizasiya və elektron müharibə sahəsində fokuslayıb.
İsrail AI-ni real döyüş əməliyyatlarına tətbiq edir. "Harop" və "Harpy" dronları: avtonom atəş açan kamikadze dronlar.
Avropa ölkələri əsasən NATO çərçivəsində AI strategiyasına fokuslanır. Türkiyə süni intellekti pilotsuz sistemlərdə tətbiq edir.
Polşa ordusunun məlumat, süni intellekt və kibertəhlükəsizlik imkanlarının inkişafı məqsədilə "Palantir" şirkəti ilə əməkdaşlıq imzalanıb. Polşa Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, əməkdaşlıq "Palantir"in döyüş meydanı idarəetməsi və logistika sistemlərinin öyrənilməsi ilə bağlıdır. Dolayı şəkildə Polşa hərbi məlumatların idarə olunmasını "Palantir"ə həvalə edir.
Bu əməkdaşlıq müasir müharibədə silah qədər vacib olan başqa bir resursu - məlumatın idarə olunmasını ön plana çıxarır.
Ölkələrin paylaşdığı məlumatlara əsasən süni intellektin orduda ümumi istifadə sahələri bunlardır:
- Kəşfiyyat və izləmə
- Peyk görüntüləri
- Hədəf identifikasiyası
- Avtonom silah sistemləri
- Dronlar
- Robot tanklar
- Pilotsuz sualtı və dəniz platformaları
- Kiber müharibə və məlumat əməliyyatları.
Maraqlıdır ki, hərbi sektorda başlayan süni intellekt yarışının təsiri artıq iqtisadiyyatın digər sahələrində də hiss olunur. "Anthropic" şirkəti "Claude Cowork" adlı yeni süni intellekt platformasını və 11 ədəd korporativ tool təqdim edərək qlobal bazarlarda bir çox sahəni təşvişə salıb.
Bu hadisə bazarda proqram təminatı şirkətlərində "sonun başlanğıcı" kimi qəbul edilir.
Hüquq xidmət sektorunun da itkisi kəskin yüksəlib. Belə ki, "LegalZoom" və "Thomson Reuters" kimi böyük şirkətlərin səhmləri rekord həddə düşüb, çünki onların əsas gəlir mənbəyi olan hüquqi və məlumat xidmətləri artıq pulsuz və ya çox ucuz AI tərəfindən təklif edilir.
"Infosys" və "TCS" kimi nəhəng IT məsləhətçi şirkətlərinin səhmləri də ucuzlaşıb. Səbəb isə odur ki, AI artıq minlərlə insanın saatlarla gördüyü kodlaşdırma və test işlərini saniyələr içində edə bilir.
2025-ci ildə "Tempus" şirkəti 75 000 onkoloji NGS testi həyata keçirib (2024-də bu rəqəm 62 700 idi).
Bu testlər təkcə nəticə vermir, eyni zamanda "Tempus"un AI platformasını "qidalandırır" - databazaya yeni məlumatlar yığır. Hər test bir xəstə datasıdır, gələcək qərarların daha dəqiq olmasını təmin edən mənbədir. Bu o deməkdir ki, süni intellekt sistemlərinin gücü yalnız alqoritmdə deyil, topladığı məlumatın miqyasında gizlənir.
"Neuralink" şirkəti "Blindsight" adlı görmə implantını FDA təsdiqi alındıqdan sonra insan üzərində tətbiq etməyə hazır olduğunu açıqlayıb. Cihazın məqsədi gözləri və görmə sinirini istifadə etmədən siqnalları birbaşa beynin görmə korteksinə göndərməkdir. FDA tərəfindən artıq bu cihaza "Breakthrough Device" (İnnovativ Tibbi Cihaz) statusu verilib.
İlon Mask isə bildirib ki, ilkin mərhələdə əldə olunan görüntülər "Atari qrafikası" kimi çox aşağıkeyfiyyətli olacaq, lakin zamanla yaxşılaşacaq. İlkin mərhələdə cihaz hər iki gözünü və görmə sinirini itirmiş, başqa müalicə yolu olmayan xəstələr üçün nəzərdə tutulub.
Süni intellekt vasitəsilə qısa filmlər, treylerlər və viral video kontent hazırlayan "Dor Brothers" şirkəti, real çəkiliş olacağı təqdirdə dəyəri 200 milyon dollardan çox ola biləcək 3 saatlıq bir filmi cəmi 1 günə hazırlayıb. Filmdə Bred Pitt, Tom Kruz, Sidni Svini, Teylor Svift və Donald Tramp da yer alırlar.
Gördüyümüz kimi ordudan səhiyyəyə, filmdən proqramçılığa əksər sahələrdə süni intellekt əsas söz sahibinə çevrilib. Bu hələ başlanğıcdır. Çünki süni intellekt sənayesi böyümə mərhələsindədir. Təbii ki, süni intellektin faydaları kimi ziyanları da ola bilir.
Süni intellekt genişləndikcə ondan hakerlər də istifadə edirlər. Yəni Al təkcə yaxşı niyyətlər üçün deyil, həm da pis niyyətlər üçün istifadə olunur.
Bu sahədə ən çox risk altında olan sektor isə təbii ki, real pulların dövriyyədə olduğu bank sektorudur.
Təkcə amerikalılar ötən ildə müxtəlif növ firıldaqçılıqlardan (bank köçürmə saxtakarlıqları, impersonasiya vəs.) 196 milyard dollara qədər zərər çəkiblər.
Süni intellekt istifadəsi eyni zamanda külli-miqdarda su və elektrik tələb edir. Bu da təbiətə düşündüyümüzdən daha böyük zərər vurur. "OpenAl"nin CEO-su Sem Altman bildirir ki, qlobal süni intellekt tələbatını qarşılamaq üçün gələcəkdə yüzlərlə gigavat gücündə elektrik enerjisinə ehtiyac olacaq. Elektrik enerjisinə nəzarət edən tərəf potensial olaraq süni intellekt üzərində də nəzarət imkanına sahib olacaq. Yəni süni intellekt dövründə ən strateji resurs yalnız məlumat deyil, həm də onu işlədə biləcək enerji infrastrukturu olacaq.
Renessans dövrünün məşhur alimi Paracelsusun fikri ilə qısa xülasə etsək: "Hər şey zəhərdir. Əsas olan dozasıdır!"

