Martın 15-də İçərişəhərdə, Qoşa Qala meydanında görkəmli caz ustası Vaqif Mustafazadənin doğum gününə həsr edilən Caz Günləri təşkil olunacaq.
“Tehsil365“ xəbər verir ki,bu barədə Qoruq İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu musiqi bayramı "İçərişəhər" Tarix Memarlıq-Qoruğu İdarəsi, Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və caz ustasının ev-muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konsert proqramında “Sevil” qrupu, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Seymur Əliyev, Nicat Quliyev, Ruslan Hüseynov, Nicat Paşazadə və “Naz” qrupu tamaşaçılara unudulmaz caz axşamı bəxş edəcəklər.
Martın 16-da Vaqif Mustafazadənin ev-muzeyində gənc rəssamların caz mövzusunda və Vaqif Mustafazadəyə həsr edilmiş əsərlərdən ibarət sərgisi açılacaq.
Elə həmin gün Fotoqrafiya Evində gənc caz ifaçıları unudulmuş bəstəkarın əsərlərini ifa edəcəklər. Onların ifaları isə tanınmış musiqi və sənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Günün final tədbiri “Baku Jazz Club”da keçiriləcək xüsusi “caz jam session” ilə tamamlanacaq. Burada Şölə Səfərəliyeva, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Vasif Hüseyn və Seymur Əliyev cazsevərlərə canlı improvizasiya gecəsi təqdim edəcəklər.

