Martın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Ağdam şəhər və rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən “Tehsil365”-in bölgə müxbirinə bildirilib ki, buraxılış imtahanı Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli, Ağdam rayon Kəngərli kənd tam orta məktəblərdə təşkil olunub.
İşğaldan azad olunan ərazilərdə 6 binada keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri, 8 zal nəzarətçisi cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayon Kəngərli kənd tam orta məktəblərdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

