Qəbələ şəhəri Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin V “a” sinif şagirdi Alixan Babayevin köklənməyən pianoda möhtəşəm ifası sosial şəbəkələrdə maraqla izlənən videolar sırasındadır.
“Tehsil365”in bölgə müxbiri xəbər verir ki, Alixan hazırda Qəbələ şəhər Uşaq İncəsənət məktəbinin II sinif şagirdidir. Onun musiqiyə olan marağı sinif yoldaşlarının deyil, təhsil aldığı məktəb kollektivinin də diqqətindən yayınmayıb.
Bir müddət əvvəl onun oxuduğu təhsil ocağına yeni piano gətiriblərmiş. Bu səbəbdən musiqi aləti köklənməyib. Lakin Alixan fürsət taparaq sinif yoldaşlarına öz məharətini, bacarığını nümayiş etdirib. Onun bu ifasını telefon yaddaşına köçürən müəllimlərdən biri Alixanın istedadını yüksək qiymətləndirib. Qısa müddətdə sinif yoldaşları və məktəb kollektivi arasında məşhurlaşan Alixan ölkədə də tanınıb.
Adəti üzrə o, incəsənət məktəbinə gələndə də dərslərdən əvvəl belə ifaları çox sevir. Öyrəndiyi hər bir notu, musiqi nömrəsini dəfələrlə ifa edərək, müəllimin verdiyi tapşırığı dəqiqliklə yerinə yetirməyə çalışır.
Alixanla dərsarası fasilədə söhbətləşirik. Musiqiyə böyük maraq və həvəs göstərdiyini, müəllimin verdiyi notları öyrənməyi çox sevdiyini bildirir. “İki il əvvəl buraya gələndə musiqi haqda təsəvvürüm az idi. Lakin burada bütün müəllimlər mənə musiqinin gözəlliyini öyrədərək sevdirdilər”- deyən balaca pianoçu ixtisas müəllimi Kəmalə Kərimovaya xüsusi minnətdarlığını bildirir. Çünki Kəmalə xanım onunla dərsdən əlavə vaxtlarda da məşğul olaraq, notları mükəmməl öyrənməsi və ifa etməsi üçün bütün köməyini əsirgəmir.

