Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycanda təhsil sistemində aparılmalı olan islahatlarla bağlı fikirlərini bölüşüb.
Deputat Etibar Əliyev “Tehsil365”ə açıqlamasında bildirib ki ,ölkədə təhsil sahəsində islahatlara ciddi ehtiyac var. Onun sözlərinə görə, 2009-cu ildə “Təhsil haqqında” qanun qəbul edilib, 2013-cü ildə isə təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiqlənib. Həmin sənəd geniş islahatların həyata keçirilməsini nəzərdə tutsa da, təəssüf ki, strategiyadan irəli gələn tədbirlərin təxminən 70 faizi icra olunmayıb.
Etibar Əliyev qeyd edib ki, bu səbəbdən Azərbaycan təhsil sistemi müəyyən mənada islahatlardan geri qalıb və mövcud strategiyanın müddəalarına yenidən baxılması zəruridir. Onun fikrincə, təhsilin bütün pillələrinin inkişafı bir-biri ilə sıx bağlıdır və xüsusilə məktəbəqədər və orta təhsil mərhələlərində ciddi problemlər mövcuddur.
Deputat məktəbəqədər təhsilin kurikulumunun yetərli səviyyədə olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən uşaqlar həmin mərhələni bitirdikdən sonra orta təhsil pilləsində bilikləri mənimsəməkdə çətinlik çəkirlər.
Etibar Əliyev təhsildə ən ciddi problemlərdən birinin “kölgə təhsili” kimi tanınan repetitorluq sistemi olduğunu da diqqətə çatdırıb. O hesab edir ki, tədris proqramları və dərsliklər elə hazırlanmalıdır ki, şagirdlər repetitorlara ehtiyac duymasınlar.
“Bu vəziyyət valideynlərin büdcəsinə ciddi təsir edir. Əgər valideynlər həmin vəsaiti övladlarının qidalanmasına və sağlam inkişafına sərf etsələr, cəmiyyət üçün daha sağlam nəslin formalaşmasına şərait yaranar”, – deyə deputat bildirib.
Deputatın sözlərinə görə, tam orta təhsil 11 il davam edir və bu müddət ərzində məktəbin əsas məqsədi cəmiyyət üçün savadlı vətəndaş yetişdirmək olmalıdır. Lakin hazırda məktəbin tərbiyə və təhsil funksiyalarının həyata keçirilməsində müəyyən problemlər müşahidə olunur.
Etibar Əliyev əlavə edib ki, müəllim hazırlığı sahəsində də ciddi çətinliklər var. Onun fikrincə, ali məktəblərdə müəllim hazırlığı proqramları müasir dövrün tələblərinə uyğun yenilənməli, pedaqogika və psixologiya fənlərinin tədris səviyyəsi artırılmalıdır.
Deputat həmçinin məktəb direktorlarının seçilməsi prosesində də problemlər olduğunu bildirib. O qeyd edib ki, məktəb rəhbərləri peşəkar pedaqoqlar arasından seçilməli və tədris prosesini effektiv şəkildə idarə etməyi bacarmalıdırlar.
Etibar Əliyevin fikrincə, şagirdlərin potensialı məktəbdə üzə çıxarılmalıdır: “Şagirdlərin istedadı repetitor yanında deyil, məktəbdə inkişaf etdirilməlidir. Bu baxımdan müəllimin rolu və nüfuzu xüsusi əhəmiyyət daşıyır”.

