Aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeyd edək ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Gəncə, Şəmkir və Lənkəran şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı iki günə bölünüb.

