Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər planı çərçivəsində “Qarabağ filiz rayonu daxilində porfir tipli mis-molibden filizləşməsi: “Dəmirli” yatağı timsalında geoloji və genetik model” mövzusunda ustad dərsi keçirilib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, ustad dərsində “Azerbaijan International Mining Company Limited” şirkətinin kəşfiyyat geologiyası üzrə direktoru, İqtisadçı Geoloqlar Cəmiyyətinin seçilmiş üzvü, Faydalı qazıntılar kafedrasının dosenti Anar Vəliyev məruzə ilə çıxış edib.
Məruzə zamanı Qarabağ filiz rayonunun geoloji quruluşu, porfir tipli mis filizləşməsinin struktur-tektonik nəzarət amilləri, hidrotermal dəyişmə sistemləri və filizləşmənin istiqamətləndirilməsi (vektorlaşma) meyarları geniş şəkildə təqdim olunub.
Bildirilib ki, ilk dəfə olaraq şirkətin geniş geoloji-kəşfiyyat materialları əsasında “Dəmirli” yatağı üçün geoloji-genetik model işlənib-hazırlanıb. Bu model litoloji və mineraloji tədqiqatların, XRD analizlərinin və digər kompleks geoloji araşdırmaların nəticələrinə əsaslanaraq filizəmələgəlmə prosesinin mümkün mexanizmini izah edir.
Qeyd olunub ki, aparılan tədqiqatların nəticələri yatağın yaxın cinahlarında və ətraf sahələrdə porfir tipli filizləşmə sistemlərinin mövcudluq ehtimalının yüksək olduğunu göstərir. Bu perspektivlər geoloji, struktur, mineraloji və geokimyəvi göstəricilər əsasında elmi şəkildə əsaslandırılıb. Təqdim olunan nəticələrin Qarabağ filiz rayonunda porfir tipli mis sistemlərinin genezisi və filizləşmə perspektivlərinin öyrənilməsi baxımından mühüm elmi və praktiki əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb

