Martın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbir Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, general-mayor, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr edilib.
“Tehsil365” xəbər verir ki, beynəlxalq konfrans AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda 13 ölkədən alimlər iştirak edirlər.

