Son illər Azərbaycanın ali təhsil müəssisələri beynəlxalq təhsil mühitində öz mövqelərini möhkəmləndirməyə çalışır. Ölkəmiz əcnəbi tələbələr üçün xeyli dərəcədə cəlbedicidir və bunun genişləndirilməsi istiqamətində davamlı və ciddi addımlar atılmalıdır.
Bu fikirləri “Tehsil365"ə müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, bu məsələdə əsas məqam regional üstünlük və müasir infrastrukturla bağlıdır: “Azərbaycanın ali təhsil müəssisələrini regionun digər ölkələri ilə müqayisə etdikdə, spesifik üstünlüklərimiz dərhal diqqət çəkir. Ölkəmiz, ilk növbədə, sabit siyasi mühiti və multikultural cəmiyyəti ilə əcnəbi tələbələr üçün sabitlik və əmin-amanlıq mərkəzi statusundadır. Gürcüstan və Ermənistan kimi qonşularla müqayisədə Azərbaycanın daha müasir kampus infrastrukturu və xüsusilə texnoloji ixtisaslar üzrə dövlət dəstəyi rəqabət qabiliyyətimizi artırır. Neft-qaz mühəndisliyi sahəsindəki tarixi təcrübəmiz isə hələ də bir çox ölkə üçün əvəzedilməz cazibə mərkəzidir”.
İlqar Orucov qeyd edib ki, qlobal təhsil bazarında rəqabətə davam gətirməyin yolu ingilisdilli proqramların sayının artırılmasından keçir: “Lakin bu, yalnız kəmiyyət yox, keyfiyyət və strateji seçim məsələsidir. Xüsusilə IT, süni İntellekt, bərpaolunan enerji və tibb sahələrində ingilisdilli proqramların artırılması zəruridir. Həmçinin Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki coğrafi mövqeyi Beynəlxalq Logistika və MBA proqramlarını da əcnəbi tələbələr üçün prioritet istiqamətə çevirir”.

