Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində “AZİU-Birlik və inkişaf görüşü” adlı tədbir keçirilib. Nabran Təhsil İnkişaf Mərkəzində təşkil olunan görüşdə universitetin “Zəkanın gücü” breyn-rinq intellektual yarışının iştirakçıları və gənc müəllimlər iştirak ediblər.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Tədbir çərçivəsində ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetin gələcək inkişaf strategiyası haqqında təqdimatla çıxış edib. O, ADNSU-nun tədqiqat universitetinə çevrilməsi istiqamətində qarşıda duran hədəfləri, elmi fəaliyyətin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə nəzərdə tutulan prioritetlər gənc müəllimlərin iştirakı ilə müzakirə olunub.
Görüş çərçivəsində, eyni zamanda, iştirakçılar üçün müxtəlif təlimlər və interaktiv fəaliyyətlər təşkil edilib, komanda oyunları keçirilib. Proqram iştirakçıların qeyri-rəsmi mühitdə ünsiyyət qurmasına və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə şərait yaradıb.
İki gün davam edən görüş universitet əməkdaşları arasında əlaqələrin genişlənməsinə və universitetin strateji inkişaf hədəflərinə töhfə verəcək yeni təşəbbüslərin formalaşmasına təkan yaradıb.
Qeyd edək ki, görüşün əsas məqsədi universitetin 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planı ilə bağlı gənc müəllim və tədqiqatçılar arasında məlumatlandırma aparmaq, planın əsas prioritetlərini müzakirə etmək, həmçinin universitet heyəti arasında əməkdaşlığı gücləndirmək, komanda ruhunu formalaşdırmaq və təcrübə mübadiləsi aparmaq olub.

