Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Sırdərya vilayəti hakimiyyətinin birgə təşkilatçılığı ilə Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən “Tehsil365"ə bildirilib ki, tədbir Gülüstan şəhərində yerləşən Musiqili Dram Teatrında təşkil olunub.
Konsertdə Sırdərya vilayətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tələbələr, jurnalistlər, eləcə də Özbəkistanda yaşayan azərbaycanlı soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Novruz bayramının Türk dünyasının ortaq mədəni irsi və mənəvi dəyəri olduğunu qeyd edib. O bildirib ki, bu qədim bayram təkcə baharın gəlişini deyil, həm də birlik, həmrəylik və dostluq ideyalarını təcəssüm etdirir.
Direktor vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasət nəticəsində iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq dinamik şəkildə inkişaf edir və bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmləndirir.
Sırdərya vilayətinin hakim müavini Şoxrux İsakulov Novruz bayramının türk xalqlarının ortaq mənəvi dəyərlərini, qədim ənənələrini və birlik ruhunu əks etdirən mühüm bayramlardan biri olduğunu qeyd edib. O bildirib ki, Novruz əsrlər boyu xalqları bir araya gətirən, dostluq və qarşılıqlı hörmət dəyərlərini möhkəmləndirən bayram kimi böyük əhəmiyyət daşıyır. Natiq bu cür mədəni tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişafına töhfə verdiyini vurğulayıb.
Konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı müğənni Fəxri Kazım-Nicat, eləcə də Özbəkistanın tanınmış ifaçıları və musiqi kollektivləri çıxış ediblər.
Bununla yanaşı Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərləri əsasında hazırlanmış səhnə əsərləri təqdim edib. Konsert proqramı çərçivəsində mərkəzin “Qarabağ Zəfəri” rəqs ansamblının ifasında Azərbaycan xalq rəqsləri əsasında hazırlanmış xoreoqrafik kompozisiyalar təqdim olunub.
Rəngarəng musiqi və səhnə nömrələri ilə zəngin olan bayram konserti Novruzun sevinc və birlik ruhunu əks etdirərək tamaşaçılarda xoş təəssürat yaradıb.

