Orta əsrlər Şərq ədəbiyyatı ən dərin qatlarınacan dini və fəlsəfi ideyalarla bələnərək İslam mistisizmini, rasionalizm, etik təlimlər və panteizmi mahiyyətində ehtiva edirdi. Məhz o dini-fəlsəfi baxışların ifadəsi olan sufizm - Tanrı haqqında mistik bilik Şərq aristotelizmi, maddənin əbədiliyi təlimi və Haqqın qüdrətini müasirlərinə çatdırmaqla bərabər, gələcək nəsillər üçün əmanət qoyub.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Bəşəri ideallar şairi Xaqani Şirvani” sərlövhəli məqaləsində yer alıb. “Tehsil365" məqaləni təqdim edir.
Üstəlik, sufizm, İslamın inkvizisiyadan azad olması fonunda baş verən ümumi və "müqəddəs" status yaradırdı və buna görə İbn Rüşdtdə olduğu kimi, fəlsəfənin ilahiyyatdan müstəqilliyini, əl-Fərabi, İbn Rüşdtdə olduğu kimi isə müsəlman rasionalizminin yüksəlişini göstərməklə, sxolastik fəlsəfənin dominantlığını ortaya qoyurdu. Bu, dini ehkamların yaratdığı və onun qurduğu çərçivələrdən çıxılmaz kimi görünən situasiyada cəmiyyətin içərilərinə qədər getməkdə iddialı baxışların dərinləşməsi prosesi idi. O zamanlar idi ki, şirvanlı Əfzələddin Xaqani sadəcə bu prosesin içində dayanmaq deyil, İslam rasionalizminin yeni elementlərini yaradanlar sırasında dayanmaq üçün çırpınırdı:
Gecə göç əzmi ilə ayrılanda Şirvandan,
Təəssüf eylədi qəlbim, ciyər alovlandı.
Yanıb fəraq oduna, mən Arazla uzlaşdim,
Araz görüb halımı od tutub, o da yandı.
Ahım kimi iti axdı, qəmim kimi coşdu,
Xüruşə gəldi könültək, kədərlə çalxandı.
Bu, həmin vaxtlar idi ki, ədəbi mühiti izləyən poeziyaya bağlı insanlar onun əvvəlki dövrlərin ərəb şairləri, “Quran” və Peyğəmbərin (s) hədisləri ilə əlaqəsini tapmağa çalışırdılar. O da diqqətçəkən məqamlardan idi ki, haqqında söhbət gedən coğrafiyada formalaşan fəlsəfi düşüncə Avropa və Şərqi Asiyadakından daha az dindən təsirlənmiş kimi görünürdü. Xüsusilə, İslamın və onun dəyərlərinin dərinləşdiyi müxtəlif ərəb qəbilələrinin vahid, geniş bir dövlətdə - Xilafətdə birləşməsi ən yaxşı zəkaların elmi mərkəzlərində cəmləşməsinə və fəlsəfi düşüncənin ən yüksək səviyyəsinə çatmasına əsaslı yardımçı olurdu. Məhz buna görə idi ki, fəlsəfə təkcə müxtəlif Şərq xalqlarının mifologiyaları və o dövrdə gənc İslam dini fonunda deyil, həm də yüksək inkişaf yolundakı elmi inkişafın fonunda qətiyyətli addımlarını atırdı. Bunlar ancaq Xilafətin sərhəd genişliyini deyil, bu genişliyin hüdudlarına sığmayan ambisiyaları ilə cəlbedici idi. Cəlbedicilik yalnız Xilafətin inzibati ərazilərindən deyil, hətta digər uzaq ölkələrdən də özünü təsdiq etmək ehtirası ilə hər bir çətinliyin içinə atmaq istəyən şəxsləri, xüsusilə elm, ədəbiyyat və mədəniyyət adamlarını çağırırdı. Əfzələddin Xaqani Şirvani də o romantikanın sehri ilə üz tutanlardan oldu:
Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş,
Ki, yaxanı qurtarasan siyasət damğasından.
Yaxınlaşıb, uzaqlaşsan, Günəş bilib onları, bil,
Ay kimi, gah bədr olsan da, tez incəlib yox olarsan.
O sehrə düşənəqədərki hadisələr Şirvanda baş verirdi.
Onda Xaqani əsərlərinin dərinliyi və ustad poetik üslubu haqlı olaraq 20 yaşındakı istedadın Şirvanşahlar sülaləsinin hakimiyyətinin 2-ci - Kəsranilər mərhələsində, Şirvanşah III Məniçöhrün sarayına dəvət edilməsi üçün əsas oldu. Bir müddətdən sonra isə şəxsən Şirvanşah tərəfindən “Xaqani” təxəllüsünə layiq bilinməsi onun istedadına verilən ilk böyük qiymət idi. Əlbəttə, ədəbiyyatın cəmiyyətdə öz yerini tutduğu zamanlardan günü bu günə qədər xalq və hakimiyyət tərəfindən istedadı qəbul olunan bütün yaradıcı insanlar yaxın ətrafının izah oluna bilməyən qıcıqlarını hiss edir, yaşayır. Bu qıcıq artıq 30-35 yaşlarında əsərləri regionda oxunan və müzakirə edilən Xaqani Şirvanidən də yan keçmədi. Orta Şərq ədəbiyyatında yüksək mövqe qazanması, söz ustadları arasında seçilməsinə baxmayaraq, şeirlərinin sərtliyi və mürəkkəbliyi bu yaradıcılıq nümunələrinin oxucuya qədər gəlib çıxmasının qarşısını almağa yönələn əsas amillərdən biri olaraq qalırdı. Şirvanlı şair isə bunlara baxmayaraq, ancaq ürəyindən keçən sözləri deyil, yaşadığı hissləri də onu dinləmək istəyən hər kəsə çatdırmaq istəyirdi:
Xəzinə versələr mən Xaqaniyə,
Mənim verdiyimdən çox olmaz inan.
Fələk heyran qalıb bu mənzərəyə,
Nələrə qadirdir bir müdrik insan.
Şahlardan layiqcə alıbdırsa zər,
Minnətsiz bağışlar, pay edər hər an.
Xaqani qəlbidir bir çarxa bənzər,
Bu yandan alarsa, verər o yandan.
Xaqani istedadını və poetik ustalığını nümayiş etdirmək üçün deyil, yaradığı ədəbiyyat nümunələrini bədii ifadə vasitələrinin gücü ilə daha cəlbedici edirdi. Bu mənzərələrdə astronomiya və astrologiya, tibb, musiqi, mifologiya, İslam ilahiyyatı, zərdüştilik və xristianlıq terminləri mürəkkəb poetik fiqurlarla birləşərək şairin dilini mürəkkəbləşdirir. Bundan əlavə, ərəb dili və ədəbiyyatının Xaqaninin yaradıcılığına təsiri şairin ərəb ədəbiyyatına yüksək səviyyədə yiyələndiyini nümayiş etdirir. Bədii ifadə vasitələrinin Xaqani irsinə təsirinin araşdırılması onun yazılarının naməlum tərəflərini işıqlandırır və bu unikal şairin yaradıcılığına təsir dərəcəsi açıq-aşkar görünür. Ona görədir ki, görkəmli şairin ərəb ədəbiyyatı ilə əlaqəsi, onun yaradıcılığına təsiri və ərəb şeirlərinin məzmununun təhlili dünya, həmçinin Yaxın Şərq ədəbiyyatşünaslığı üçün bu günün özündə böyük əhəmiyyət kəsb edir və aktual olaraq qalır. Fikrimizin təsdiqi kimi, iranlı alim Zəbihullah Səfanın "İranda Ədəbiyyat Tarixi" əsərində XII əsr Yaxın Şərq şairləri sırasında mühüm yer tutan Xaqaniyə xüsusi yer ayırması, onun yaradıcılığını təhlil edərək, fərqləndirməsi təsadüfi görünmür. Oxşar münasibəti Şərq ədəbiyyatı üzrə beynəlxalq miqyasda tanınan və qəbul edilən sovet şərqşünası E.E.Bertelsin, çex filoloq-şərqşünası Yan Ripkanın və İ.M.Sandın əsərlərində də tapmaq olar. Onlar və farsdilli ədəbiyyatın digər tədqiqatçıları bu mövzuya toxunaraq Xaqaninin yaradıcılığı haqqında kifayət qədər maraqlı məlumatlar verirlər. Maraqlı olansa budur ki, taleyinin keşməkeşli olacağı ilə bağlı öncəgörənliyin zaman ölçüsünü verən şair öz şeirlərində bu məsələyə toxunur və bunun niyə məhz belə olduğuna eyham vurmaqla yanaşı, açıq mətndə fikirlərini təqdim edir:
Sən yaxşı adamsan, Xaqani, ancaq,
Sənə pislik edir naəhl adamlar.
Onlar yaxşılığı öyrənir səndən,
Yenə pisliyini edirlər təkrar.
Doğrudur, od ilə sınanar qızıl,
Qaydadır sarımsaq müşkü sınayar.
Qitədə şairin ifadə etdiyi kimi, pisliklər etməkdən yorulmayan “naəhl adamların” istər şəxsi həyatında, istərsə də yaradıcılıq yollarında yaratdıqları maneələrə baxmayaraq Yaxın Şərqdə İran və Türkiyə də daxil olmaqla Xaqani Şirvani poeziyasına marağın coğrafiyası getdikcə genişlənirdi.
Azərbaycan ədəbiyyatşünaslığında Firudin bəy Köçərlinin şairin yaradıcılığına xüsusi diqqət ayırması sonradan sovet Azərbaycanında bu mövzuya ardıcıl elmi tədqiqatlar üçün zəminə çevrildi. XX əsrin 20-ci illərindən başlayaraq Xaqani Şirvaninin əsərlərinin tənqidi mətnləri nəşr edilərək akademik dövriyyəyə daxil edildi. 1958-ci ildə Bakıda çap olunan “Divan” nüsxəsi filoloji elmin mühüm hadisəsinə çevrildi, əvvəlki nüsxələrdəki orfoqrafik uyğunsuzluqlar sistemli düzəlişlə əvəzləndi.Azərbaycanda dövlət müstəqilliyimizin bərpasından sonra digər klassiklərimizlə bərabər, şairin poetik irsinə diqqətin yönəldilməsi onun yaradıcılığı ədəbiyyatşünaslığımızda mütəmadi toxunan mövzulardan birinə çevrildi. Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ədəbiyyatda Yaxın Şərqin Orta əsrlərdəki ən böyük şairləri sırasında dayanan şairin Şamaxıdakı Xaqani məqbərəsi və muzey kompleksi 1995-ci ildə bərpa edildi ki, orada şairin müxtəlif əsərlərinin nüsxələri, habelə tarixi sənədlər və arxeoloji tapıntılar ziyarətçilər üçün sərgilənir. Ölkəmizin ədəbi-mədəni həyatının hamisi olaraq tanınan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla yanaşı, UNESCO-nun 2021-2022-ci illər üçün qəbul etdiyi “Xaqaninin 900 illiyi” proqramı şairi beynəlxalq humanitar dialoqun simvollarından birinə çevirməklə yanaşı, azərbaycanlı söz ustadı, fikir məbədinin 900 il əvvəl daşıyıcısı olduğu dəyərlərin günlərimizdə də insanlığın əsas prioritetlərindən olduğunu ifadə edirdi. Bu həqiqət “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda belə əks olunurdu:
“Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir”. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir”.
O, dəyərləri 870 il əvvəl belə görürdü və bütün zamanların gələcəyə olan ümidlərini doğrultmaq üçün başlıca qüvvə hesab edilən gəncliyə ünvanladığı didaktik əsərlərin ən gözəl nümunəsi sayılan “Gənclərə nəsihət” şeirində bu cür ifadə edirdi:
Fitnə törətmə ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıqdır edən onu tarımar.
Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Vəfa küçəsində ev tut, yəqin bil,
Vəfa mənzilidir, ən yaxşı mənzil.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.
Bunlar, əlbəttə, bütün cəmiyyətlər və zamanların qarşısında dayanan aktual problemlərin həllindəki atalar və oğullar mövqeyi kimi qəbul edilməməli, ataların daha yaxşı yol kimi gördükləri yolun cizgisi idi. Xaqani Şirvani insanın daxili keyfiyyətlərində ən vacib element kimi niyə dürüstlüyə önəm verdiyini belə izah edirdi:
Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.
Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar bu halına.
Nemət üçün tərif yazma nadana,
Elmü hikmət əhli layiqdir buna.
Qorun pis adamdan, anla ki, onlar,
Əqrəb tək kor olar, ilan tək lal, kar.
Xaqani yaradıcılığında yaddaqalan lirik lövhələrdə ifadəsini tapan vətənpərvərlik motivləri Vətənə və onun gözəlliklərinə hüdudsuz sevgisinin dolğun təsviri, fiziki cəhətdən uzaq düşsə də, mənən onunla olduğunun işıqlı təzahürüdür. Zamanının çağırışlarını öz poeziyasında canlandırmaqla oxucu və dinləyicilərin diqqətini qaldırılan məsələlərə yönəldən şair bunu öz missiyası kimi qəbul edir. Buna görə idi ki, 850 ilə yaxın müddətdən artıqdır ki, Xaqani Şirvani forma və məzmunca bəşəri sənət adamlarından biri kimi qəbul edilir. Bu duyğuları ilə heyrətamiz dərəcədə bağlı olan şirvanlı şair, klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərirdi. O, ilk baxışdaca diqqəti cəlb edən bu bağlılığı yaradan amilləri ifadə edirdi və bunlar o ifadələrin alt qatlarında bu bağlılığı yaradan amilləri səsləndirirdi:
Mənim könlüm bir müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm, öyrənmişəm sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.
Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış.
Gəmim - Cudi dağı, gözdən axan yaş isə tufanı.
Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,
Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.
O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,
Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.
Bu məna Xızrını hər kəs ətəkdən tutsa Musa tək,
Suyu xatırladar Xızrı, əli möcüzdə Musanı*.
Onun şeirləri "nəsib" və ya “qəsidələrin eşq müqəddiməsi” adlandırılır, şairlər məclislərində İraqın təsviri, şikayət motivləri, öyüd-nəsihət və mədhiyyələr və s. kimi mövzulardakı əsərləri ciddi müzakirə mövzusuna çevrilirdi. Xaqani Şirvaninin "Şeirlər Divanı", "Münşaat" ("Məktublar") və "Tühfət əl-İraqeyn" ("İki İraqa Hədiyyə") məsnəvisi məhz belə ədəbiyyat nümunələrindən idi. İbrətamiz həqiqətlərdəndir ki, onun yaradıcılığı yeddi əsrdən çoxdur ki, Şərq ədəbiyyatı ilə maraqlanan ədəbiyyatşünasların tədqiqat obyektinə çevrilib. Dünyaca tanınan belə xarici və yerli tədqiqatçıların əsərlərində ədəbi tədqiqatların müqayisəli metodologiyası xüsusən diqqət çəkir. Bu alimlərin əsərlərində Yaxın Şərq ədəbiyyatının konsepsiyası və mahiyyəti, qarşılıqlı təsir formaları, tarixi qanunauyğunluqlar, müxtəlif xalqların ədəbiyyatlarının qarşılıqlı əlaqəsinin digər aspektləri nəzəri əsasları verilir. Ərəb ədəbiyyatının Xaqaninin yaradıcılığına təsiri araşdırılarkən ədəbi əlaqələrlə bağlı məsələlər təhlil olunur, tədqiqatçıların müqayisəli təhlil metoduna əsaslanaraq nəticələr çıxarılır. Bu nöqteyi-nəzərdən şairin yaradıcılığında “Mədain xarabaları” xüsusilə diqqəti cəlb edir. Dünyanı olanlardan ibrət almağa çağıran poetik nümunədə insan qəlbi kimi, onun vəhşətinin hüdudsuzluğu heyrət yaratmaqdan çox, gələcəklə bağlı səksəkə yaradır:
İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san*.
Dəcləylə güzər eylə bir dəfə Mədainə,
Bir Dəclə də sən gözdən torpağına tök nalan.
Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan-yaş,
Göz yaşı deyil, atəş süzməkdə yanağından.
Bax! Dəclə köpüklənmiş, hər dalğa dodağında
Bir eylə uçqundur ki, doğmuş könül ahından.
Gör, Dəclənin həsrətdən bağrı necə yanmışdır,
Söylə, eşidibsənmi, su odda ola büryan?
Yaxın Şərq ədəbiyyatı Orta əsrlər dövrünün tədqiqatçılarından olan azərbaycanlı alim, filologiya elmləri doktoru, professor Qafar Kəndli bu barədə qənaəti ibrətamizdir. Xaqaninin gördüyü Mədain xarabaları zamanının Mədinə əz-Zəhrasının, "parlaq şəhər"in taleyinin ibrət göstəricisidir. Onun xarabalıqları, sanki İspaniyanın Kordova şəhərindən 8 kilometrliyində yerləşən X əsrə aid saray kompleksinin bir zamanlar fövqəlgüc sahibi kimi qəbul olunan həşəmətli hökmdarı Xəlifə III Əbdürrəhmanın tikdirdiyi həmin saray deyil, xalqın lərzəyə gələn, Tufan kimi buralardan keçən üsyan dalğasının yadigarı kimi dayanmışdı:
Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış,
Eyvani-Mədaini görcək yer ilə yeksan.
Göz yaşları dil açsın, eyvana xitab etsin,
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.
Başlar öyüdə hər an diş-diş divarı qəsrin,
Sanki dil açıb, söylər tarixini hər dəndan.
Bayquşların ahından ağrır başımız daim,
Göz yaşı gülabıyla et dərdimizə dərman.
Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə,
İzlər bu cahan içrə, olma buna, gəl, heyran.
Biz ədl sarayıykən, zülm ilə xarab olduq,
Zalimlər olan qəsrə, gör, neyləyəcək dövran.
Sarsıtdı kim əflaka qalxan belə eyvanı,
Göylərdəki qüvvətmi etdi, ya fələk viran?
Professor "Bu kədər şair Şirvanın qəlbini ağrıtdı və onu bir neçə elegiya yazmağa sövq etdi. Xaqaninin İmam Məhəmməd Yəhyanın oğuzlar tərəfindən edam edilməsi münasibətilə yazdığı elegiyalar müsəlman Şərqində geniş yayıldı və ağızdan-ağıza ötürülməyə başladı. Bu şeirlər Xaqaninin populyarlığına o qədər töhfə verdi ki, səkkiz əsrdən çox sonra antologiyalar və tarix kitabları onları nümunə kimi göstərir”.
Həmin tədqiqatçıların Xaqaninin ədəbi irsindən istifadə edərək şairin digər xalqların ədəbiyyatından götürdüyü ən vacib elementləri izləmək xüsusilə maraqlıdır. Bu nümunələrdə ideyalar və mövzular, süjetlər, obrazlar və motivlərin yaratdığı mənzərələr isə düşündürücüdür.
Onların içində rus ədəbiyyat nəzəriyyəçisi Viktor Maksimoviç Jirmunski, sovet dilçisi və ədəbiyyatşünası, filologiya elmləri doktoru, Leninqrad Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının akademiki, Bavariya, Britaniya, Sakson və digər akademiyaların fəxri üzvü və Oksford da daxil olmaqla bir çox universitetlərin fəxri doktorunun gəldiyi nəticələr xüsusilə maraqlıdır. Onun Xaqani yaradıcılığı ilə bağlı qənaətləri ümumi olaraq, bu cür nəticə çıxarmaq üçün əsas verir: heç bir böyük milli ədəbiyyat digər xalqların ədəbiyyatları ilə canlı və yaradıcı qarşılıqlı əlaqə olmadan inkişaf edə bilməz.
Xaqani Şirvani yalnız geniş təxəyyüllü şair deyil, o, tibb, riyaziyyat, teologiya, fəlsəfə və musiqi ilə yanaşı, farsdilli poeziyanın incəliklərini də mənimsəmiş, ilahi eşq, epistemoloji axtarış, ictimai ədalətin yayılması üçün əlindən gələnləri bütün gücü ilə edən böyük humanistdir. Onun əsərlərində metafizik tənhalığın və ilahi ümidin vəhdətdə dayandığının şahidi olmaq insan potensialının hüdudsuzluq göstəricisi kimi möhtəşəmdir.
Bəşəri yantılarına baxmayaraq, böyük şairin dərin təfəkkürünün mayasında doğma Vətəni ilə çırpınan ürək döyüntülərini hiss etməmək isə mümkün deyil. Bu döyüntülər “Savalan dağının tərifi”ndə xüsusilə diqqətçəkəndir:
Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.
Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt.
Getdim ki, başına dolanım onun,
Dağlar anasıdır çünki o afət.
Başdan ayağadək örtükdədir o,
Deyir: - Bakirəyəm, - açınca söhbət.
Xaqani, gəl, onda bakir sözünlə,
Başına çadra sal, anandır, gizlət!

