Onun sözlərinə görə, ailədə müəyyən psixoloji xəstəliklər varsa, həmin problemlərə meyillilik növbəti nəsildə də müşahidə oluna bilər.
Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə verdiyi açıqlamada psixoloji və psixi sağlamlıqla bağlı pozuntuların yaranmasında genetik faktorların roluna toxunub.
“Genetik faktorların müəyyən rolu ola bilər, lakin bu, o demək deyil ki, xəstəlik mütləq şəkildə ötürüləcək. Genetik meyillilik yalnız risk faktorudur. Ətraf mühit, tərbiyə, stress səviyyəsi, sosial münasibətlər kimi amillər də insanın psixoloji sağlamlığında böyük rol oynayır,” – deyə Mətanət Əliyeva bildirib.
Ekspert vurğulayıb ki, araşdırmalar xüsusilə depressiya, bipolyar pozuntu, şizofreniya, narahatlıq pozuntuları (anksiyete), obsesiv-kompulsiv pozuntu (OKP) və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) kimi hallarda genetik meyilliliyin daha çox müşahidə olunduğunu göstərir.
“Ancaq müasir psixologiyada qəbul olunan əsas fikir budur ki, insanın psixoloji sağlamlığı yalnız genetika ilə müəyyən olunmur. Ailə mühiti, uşaqlıq təcrübələri, emosional dəstək, sosial şərait və həyat tərzi də bu sahədə çox mühüm təsir göstərir. Bu səbəbdən ailədə belə hallar mövcud olsa belə, düzgün psixoloji dəstək, sağlam mühit və vaxtında müraciət bir çox problemlərin qarşısını almağa və ya onların təsirini azaltmağa kömək edə bilər,” – deyə psixoloq əlavə edib.

