Onun sözlərinə görə, sualların əksəriyyəti həmin toplulardan tərtib olunduğu üçün abituriyentlər məcburən ümumi təhsil məktəblərindəki dərs vəsaitlərindən çox bu əlavə materiallara üstünlük verirlər.
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365 “ə verdiyi açıqlamada buraxılış imtahanlarında abituriyentlərin daha çox Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış test toplularına kökləndiyini bildirib.
“Bu gün əlavə materiallardan istifadəyə zərurət ona görə yaranıb ki, abituriyentlər imtahanlarda daha çox Dövlət İmtahan Mərkəzinin toplularına yönəlirlər. Bu isə müəyyən disbalans yaradır. Məsələn, regionlardan olan və yaxud həmin vəsaitlərə əli çatmayan abituriyentlər bir qədər əziyyət çəkirlər və nəticədə zəif göstəricilər əldə edirlər,” – deyə Məzahir Məmmədli vurğulayıb.
Ekspert əlavə edib ki, xüsusilə böyük kurslar və repetitor müəllimlər birbaşa Dövlət İmtahan Mərkəzinin əlavə vəsaitlərindən istifadə etməklə daha yaxşı nəticə əldə edirlər: “Bu, bir tərəfdən ümumi təhsil məktəblərindəki dərs vəsaitlərini kölgədə qoyur, digər tərəfdən isə regionlarda yaşayan vəsaitlərə çıxışı olmayan şagirdlər üçün ciddi problemlər yaradır. Onlar imtahanlarda zəif nəticə göstərirlər.”
Məzahir Məmmədli hesab edir ki, bu vəziyyət təhsil sistemində balansın pozulmasına səbəb olur və bütün abituriyentlərin bərabər imkanlara sahib olması üçün əlavə materialların istifadəsi ilə bağlı daha ədalətli mexanizmlərin qurulması vacibdir.

