Biləsuvarın Günəşli kəndində məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər yerli əhalinin narahatlığına səbəb olub. 4 minə yaxın insanın yaşadığı kəndin yeganə təhsil ocağı olan 9 illik məktəbdə hazırda 210 şagird təhsil alır.
“Tehsil365“ xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, məktəbin fəaliyyətinin dayandırılması və ya başqa məktəblə birləşdirilməsi çətinliklərin yaranmasına səbəb olacaq.
"Şagirdlər başqa məktəbə getmək üçün 7 km yol qət etməlidirlər. Uşaqlar oraya necə gedib-gəlsinlər?!", "Başçı vətəndaşlara deyib ki, məktəb bağlanmalıdır", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirilib ki, məktəb 9 illik olduğu üçün təhsil müəssisəsinin optimallaşdırılması və qonşu kənd məktəbi ilə birləşdirilməsi məsələsi 2024-cü ildə müzakirə olunub. Şirvan-Salyan Regional Təhsil İdarəsindən isə məktəbin bağlanacağı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyilib.

