Onun sözlərinə görə, hər bir məktəbdə bütün fənlər üzrə müəllimlərə ehtiyac olsa da, daha çox dərs saatı çox olan və tələbatlı ixtisaslarda bu çatışmazlıq daha kəskin hiss olunur.
Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365”ə verdiyi açıqlamada ölkədə fənn müəllimlərinin çatışmazlığı məsələsinə toxunaraq, bu problemin həm şəhərlərdə, həm də regionlarda fərqli şəkildə özünü göstərdiyini bildirib.
"Ümumiyyətlə məktəblərdə fənn müəllimlərinin hər birisinə ehtiyac olur. Amma ümumi olaraq müəllim çatışmazlığı nəzərə alınarsa, daha çox həmin ixtisaslar üzrə müəllim ehtiyacı olan fənnlərə ehtiyac yaranır. Bu, rayona görə dəyişə bilir, Bakı şəhərinə görə dəyişə bilir, regionlara görə dəyişə bilir, ucqar dağ kəndlərinə görə də dəyişə bilir." – deyə Nurəliyev vurğulayıb.
Ekspertin sözlərinə görə, ucqar kəndlərdə vəziyyət daha ağırdır. Çox vaxt biologiya və ya idman fənni üzrə müəllim tapılmır, çünki imtahandan keçənlər həmin məktəbləri seçmək istəmirlər:
"Məsələn, hansısa ucqar dağ kəndində biologiya fənn müəllimi yoxdur, bir neçə fənnin müəllimi yoxdur, heç kim də getmək istəmir. Bu artıq həmin ixtisasın orada formalaşmış ehtiyac olduğunu göstərir. Eləcə də idman müəllimi çatışmırsa, həmin məktəbdə idman müəllimliyinə ciddi ehtiyac yaranır."
Nurəliyev hesab edir ki, ölkə üzrə müqayisə aparıldıqda informatika fənni müəllimlərinə daha çox ehtiyac var. O, bu sahədə keyfiyyətli kadrların az olduğunu və gələcəkdə süni intellekt dərslərinin məktəblərdə tədris olunacağı halda bu ehtiyacın daha da artacağını bildirib:
"Bu gün informatika fənni müəllimləri həqiqətən də azdır və keyfiyyətli informatika müəllimlərinə ciddi ehtiyac var. Əgər orta məktəblərdə süni intellekt dərsləri keçirilərsə, bu ehtiyac daha da artacaq. Ona görə də yalnız informatika müəllimləri deyil, kompüter yönümlü ixtisasları bitirən və pedaqoji fəaliyyətə marağı olan gəncləri də müəllimliyə cəlb etmək olar."
Ekspert əlavə edib ki, Azərbaycan dili, kimya, riyaziyyat, fizika, tarix və coğrafiya fənləri də tələbatlı ixtisaslar sırasındadır. Biologiya isə daha passiv ixtisas hesab olunur, çünki dərs saatı azdır və yuxarı siniflərdə də çox tələb olunmur:
"Biologiya fənni bir qədər passiv ixtisasdır. Çünki həm orta məktəbdə dərs saatı kifayət qədər çox deyil, həm də yuxarı siniflərdə o qədər də tələb olunan fənn kimi qiymətləndirilmir."

