İş və şəxsi həyat arasında balansın qorunması insanın psixoloji sağlamlığı üçün vacib amillərdən biridir. Psixoloq Mətanət Əliyeva bildirib ki, bu balansın pozulması insanın emosional vəziyyətinə birbaşa təsir göstərir.
Psixoloq Mətanət Əliyevanın “Tehsil365”ə açıqlamasına görə, insan uzun müddət yalnız işə fokuslandıqda və ya əksinə şəxsi həyatındakı problemlər iş fəaliyyətinə təsir etdikdə emosional gərginlik yaranır. Bu vəziyyət zamanla xroniki stress, tükənmişlik sindromu (burnout), motivasiyanın azalması, diqqət və məhsuldarlığın zəifləməsi kimi problemlərlə nəticələnə bilər.
Psixoloq qeyd edib ki, psixoloji baxımdan sağlam qalmaq üçün həyatın müxtəlif sahələri arasında harmoniya olmalıdır. İş insanın özünü reallaşdırması üçün vacib olsa da, ailə münasibətləri, istirahət, sosial əlaqələr və şəxsi maraqlar da emosional balansın qorunmasında mühüm rol oynayır.
“Balans pozulduqda insan özünü daim yorğun, gərgin və narazı hiss edə bilər. Buna görə də müasir psixologiyada iş və şəxsi həyat balansı yalnız rahatlıq məsələsi deyil, həm də psixi sağlamlığın qorunması üçün vacib şərt hesab olunur”, – deyə Mətanət Əliyeva vurğulayıb.

