“Tehsil365” İnformasiya Agentliyinin həyata keçirdiyi “Şəhidin səsi” layihəsinin növbəti buraxılışı Vətən müharibəsi şəhidi Əli Seyidova həsr olunacaq.
“Tehsil365” xəbər verir ki, Seyidov Əli Rahin oğlu 11 iyul 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Rixard Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Məktəb illərində idmana böyük maraq göstərən Əli Seyidov kikboksinq və ağır atletika üzrə müxtəlif yarışlarda uğurla çıxış edib. O, bu idman növləri üzrə ümumilikdə 15 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb.
Əli Seyidov 2018–2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra müqavilə əsasında Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Əli Seyidov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər–Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 4 oktyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid Əli Seyidov 10 oktyabr 2020-ci ildə Bakının Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Əli Seyidov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Həmçinin Suqovuşan qəsəbəsinin işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə şəhid Əli Seyidov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.
“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının bu buraxılışının aparıcısı Agentliyin “Könüllü müxbir” layihəsini uğurla başa vuraraq diplomla təltif olunmuş Fatimə Quliyeva olacaq.
Proqramın Əli Seyidova həsr olunmuş buraxılışı 23 mart tarixində saat 18:00-da yayımlanacaq.

