Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi”nin təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan-Ermənistan münasibətləri müstəvisində: tarix və müasirlik” mövzusunda elmi seminar keçirilib.
DİA-dan “Tehsil365"ə bildirilib ki, seminarın əsas məqsədi Azərbaycan və ümumilikdə regionda erməni millətçiliyinin formalaşma mərhələlərinin, onun ideoloji əsaslarının və tarixi-siyasi kontekstinin tələbələrə ətraflı şəkildə izah edilməsi və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyətin beynəlxalq müstəvidə dəyərləndirilməsi olub.
Elmi seminarda Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrasının assosiativ professoru Rizvan Hüseynovun məruzəsi dinlənilib. Məruzədə erməni millətçiliyinin yaranma və inkişaf mərhələlərindən, onu dəstəkləyən qüvvələrdən, erməni millətçiliyinin formalaşması üçün istifadə olunmuş ideoloji və saxta tarixi bazadan, həmçinin XVIII-XX əsrlərdə Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslərdən bəhs edilib.
Seminarda DİA-nın Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova, ictimai əlaqələr üzrə müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov, Tarix kafedrasının professoru Havva Məmmədova, kafedranın dosenti Rəna Bayramova, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, politoloq Murad Sadaddinov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin veteranı, İrəvan xanlarının nəslindən olan ictimai fəal Gülçöhrə Qənizadə, jurnalist və ekspert Rasim Babayev və digərləri iştirak ediblər.
Müzakirələr çərçivəsində Qafqaz regionunda baş verən tarixi hadisələr, Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq, həmçinin regionda təhlükəsizlik və sabitlik məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni siyasi reallıqlar və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.

