Azərbaycan Universitetində Dünya Sosial İş Günü müxtəlif tədbirlərlə qeyd olunub.
Universitetdən “Tehsil365"ə bildirilib ki, birinci tədbir Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib və “Sosial iş - Sosial rifah” mövzusuna həsr olunub. İkinci tədbir isə Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu tərəfindən təşkil olunub.
Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirak etdiyi “Sosial iş - Sosial rifah” adlı tədbiri Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin aparıcı mütəxəssisi Ləman Bayramlı açıb. Günün tarixi və mahiyyəti haqqında məlumat verən qonaq qeyd edib ki, Sosial İşçilərin Beynəlxalq Federasiyası 1983-cü ildə hər il mart ayının üçüncü çərşənbə axşamını Dünya Sosial İş Günü kimi elan edib. Bu günün qeyd olunmasında əsas məqsəd sosial işçilərin cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaqdır. Hər il qlobal gündəliyin mövzularından birinə həsr olunan Dünya Sosial İş Günü bu il “Ümid və harmoniyanın birgə qurulması: bölünmüş cəmiyyəti birləşdirmək üçün “Harambi çağırışı” devizi altında qeyd olunur. “Harambi” ifadəsi Keniya Respublikasının milli dili olan suahili dilində “Hamı birləşsin”, “Hamımız birlikdə işləyək” kimi mənaları ifadə edir.
Ardınca departamentin böyük mütəxəssisi Musa Əmrahov agentliyin fəaliyyəti, sosial iş peşəsinin praktiki tərəfləri barədə danışıb. Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin fəaliyyətini real keyslərlə izah edib. Musa Əmrahov çıxışında dünyada baş verən hadisələr fonunda sosial iş ixtisasının daha çox əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Sossfera” klubunun təşkilatçılığı ilə keçirilən tədbir isə sosial iş ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı sosial keysin səhnələşdirilməsi ilə başlayıb. Səhnə vasitəsilə cəmiyyətdə olan sosial problemlər, həssas qrupların qarşılaşdığı çətinliklər və sosial işçilərin bu prosesdəki rolu nümayiş etdirilib.
Səhnənin ardından Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova cəmiyyətin rifahının təmin edilməsində sosial işçilərin rolundan, kafedranın müəllimi, “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoy sosial layihələrin cəmiyyət üçün faydalarından danışıb. Klubun sədri Cansu Nəzərova sosial işçilərin insan həyatında yaratdığı müsbət dəyişikliklərin əhəmiyyətini vurğulayıb.
Sosial işçi və təlimçi Cəsur Mədətzadə səhnələşdirilən keysə münasibət bildirib. O, qeyd edib ki, keys gənc sosial işçilərin nəzəri biliklərini praktikaya tətbiq etməsinə və cəmiyyətdə mövcud sosial problemlərin daha yaxşı anlaşılmasına xidmət edir. Həssas qrupların qarşılaşdığı çətinliklərin göstərilməsi ictimaiyyətin bu məsələlərə diqqətini artırır.
Tədbir sosial işçi və təlimçi Emin Məmmədovun iştirakçılarla sosial mövzuda interaktiv oyun keçirməsi ilə yekunlaşıb. Oyun zamanı iştirakçılar sosial problemlərə fərqli prizmadan yanaşmaq, empatiya qurmaq və sosial düşüncə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

