Bu hal psixologiyada “affektiv vəziyyət” adlandırılır.
Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, bir anlıq güclü qəzəb və ya emosional partlayış zamanı insanın aqressiv davranış göstərməsi mümkündür.
“Affektiv vəziyyət zamanı insan çox güclü emosional gərginlik yaşayır və qısa müddət ərzində düşünmə, vəziyyəti analiz etmə və öz davranışına nəzarət etmə qabiliyyəti zəifləyə bilər,” – deyə psixoloq vurğulayıb.
Onun sözlərinə görə, belə ağır və radikal davranışlar əksər hallarda yalnız bir anlıq emosiyanın nəticəsi olmur: “Çox vaxt bunun arxasında uzun müddət yığılan stress, emosional gərginlik, impuls nəzarəti ilə bağlı çətinliklər, travmatik təcrübələr və ya müəyyən psixoloji problemlər dayanır. Hadisə kənardan ‘bir anlıq qərar’ kimi görünsə də, onun formalaşmasında daha dərin psixoloji və sosial amillər rol oynaya bilər.”
Mətanət Əliyeva əlavə edib ki, aqressiyanın idarə olunması və emosiyaların tənzimlənməsi bacarıqlarının inkişaf etdirilməsi belə halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır: “Əgər insan öz emosiyalarını düzgün tənzimləməyi öyrənərsə və zərurət olduqda psixoloji dəstəyə müraciət edərsə, bu cür affektiv vəziyyətlərin təsiri minimuma enə bilər.”

