Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) rəhbərliyinin elmlər doktorları ilə müşavirəsi keçirilib.
Universitetdən “Tehsil365"ə bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə kadr hazırlığı, doktorantura təhsilinin aktual məsələləri, elmlər doktorlarının hazırlanması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, ali təhsil müəssisələrinin əsas missiyalarından biri yalnız tədris deyil, eyni zamanda, yüksəksəviyyəli elmi tədqiqatların aparılması və beynəlxalq rəqabətə davamlı alimlərin yetişdirilməsidir.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov universitetdə elmi fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məruzə edib. O bildirib ki, son illərdə ADPU-da elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, professor-müəllim heyətinin elmi potensialının artırılması, yeni tədqiqat layihələrinin həyata keçirilməsi və əldə olunan nəticələrin tədris prosesinə tətbiqi diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, ölkə üzrə fəaliyyət göstərən təxminən 2500 nəfər elmlər doktorundan 60-nın ADPU-da çalışması universitetin elmi potensialının mühüm göstəricisidir. Prorektor, həmçinin universitetin beynəlxalq elmi mühitə inteqrasiyasından bəhs edərək xarici ali təhsil müəssisələri və elmi mərkəzlərlə əməkdaşlığın genişləndirildiyi, birgə layihə və proqramların həyata keçirildiyini diqqətə çatdırıb.
Məruzənin sonunda elmdə qocalmanın qarşısının alınması, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan dövri-elmi jurnallarda məqalələri dərc olunan alimlərin rəğbətləndirilməsi sisteminin əhatəsinin genişləndirilməsi məqsədilə təkliflər irəli sürülüb.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova çıxışında universitet alimlərinin ölkənin elmi həyatında fəal iştirakı və ADPU-nun elmi potensialının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar, akademik mübadilələr və birgə tədqiqat layihələri universitetin akademik nüfuzunun artırılmasına, alimlərin elmi üfüqlərinin genişlənməsinə və qlobal elmi mühitə inteqrasiyasına mühüm töhfə verir. Prorektor bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev isə elmi fəaliyyətin universitetlə yanaşı bütövlükdə cəmiyyətimiz və ölkəmiz üçün mühüm əhəmiyyətinə toxunaraq bu istiqamətdə daimi inkişafın, şəbəkələşmə və elmi nəticələrin paylaşılması, tətbiqi məsələlərinin önəmini qeyd edib.
Daha sonra 27 Mart – Elm Günü münasibətilə universitetin Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə keçirilən “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Kompüter elmləri kafedrasının doktorantı və müəllimi Nigar Əhmədli I yerə, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Gültəkin Ərəbova II yerə layiq görülüb. “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Ədəbiyyat kafedrasının doktorantı Baba Əlibabaoğlu I yer, Təhsil menecmenti kafedrasının doktorantı Amid Əliyev isə III yerin sahibi olub.
Universitetin professorları – Fərrux Rüstəmov, Müseyib İlyasov və Nailə Verdizadə çıxışlarında elmi ənənələrin qorunması, elmi məktəblərin davamlılığının təmin edilməsi və gənc alimlərin bu prosesə cəlb olunmasının vacibliyini qeyd ediblər.

