Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəb-liseydə Torpaq çərşənbəsinə həsr edilmiş bayram tədbiri təşkil olunub.
BŞTİ-dən “Tehsil365"ə bildirilib ki, tədbir çərçivəsində şagirdlərin ifasında Novruzun ənənəvi obrazları olan Kosa və Keçəlin maraqlı sərgüzəştləri səhnələşdirilib, Novruza qədər qeyd olunan Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, bayrama xas şirniyyatların rəmzi mənaları, səməninin cücərdilməsi və digər bayram ənənələri barədə məlumatlar təqdim olunub. Məktəblilər bahara, Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər. Çıxışlarda Novruzun dostluq, birlik və yenilənmə rəmzi olduğu, xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və əsrlər boyu formalaşmış ənənələrini özündə yaşadan mühüm bayramlardan olduğu əks etdirilib.
Bayram tədbirinin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşmasına, adət-ənənələrimizin qorunub saxlanmasına və gənc nəslə ötürülməsinə mühüm töhfə verməkdən ibarətdir.

