Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi (AYYS) yazı işlərinin meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif səpgili imtahanlarda yazı işlərinin yoxlanılması məqsədilə hazırlayıb istifadə etdiyi bu qiymətləndirmə sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi (patent) verilib.
DİM-dən “Tehsil365"ə verilən məlumata görə, bu patent qiymətləndirmə sisteminin beynəlxalq patentə namizədliyinin verilməsi üçün əsasdır.
AYYS şəffaflıq, obyektivlik və effektivlik prinsipləri əsas götürülərək qurulmuşdur. Sistem aşağıdakı əsas mərhələlərdən ibarətdir:
• Yoxlama prosesində iştirak edəcək markerlərin seçimi, onlar üçün nəzəri və praktiki təlimlərin təşkili;
• Kalibrləmə mərhələsi üçün bazanın hazırlanması (hər tapşırıq üzrə etalon yazı işlərinin seçilməsi və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi);
• Yoxlama prosesindən əvvəl kalibrləmə mərhələsi;
• Yoxlama prosesi;
• Apellyasiya prosesi;
• Markerlərin fəaliyyətinin auditi.
Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminin hazırlanmasına 2014-cü ildən başlanılıb.
Hazırda AYYS-də aşağıdakı imtahanların yazı işləri və inşalarının (esselərinin) qiymətləndirilməsi aparılır:
• Ümumi orta təhsil səviyyəsi (IX illik) üzrə buraxılış imtahanları;
• Tam orta təhsil səviyyəsi (XI illik) üzrə buraxılış imtahanları;
• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları (I-IV qruplar);
• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanları və s.
Qeyd edək ki, AYYS ilə bağlı “IFAC Papers online” jurnalında məqalə də dərc edilib və aşağıdakı beynəlxalq konfranslarda sistem haqqında məruzələr edilib.
Indiyədək AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan çox qiymətləndirmə həyata keçirilib.
Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

