AMEA-nın Folklor İnstitutunda Elm Gününə həsr olunmuş seminar keçirilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbiri bu elmi müəssisənin direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis olunan Elm Gününün əhəmiyyəti barədə danışıb. Direktor vurğulayıb ki, bu gün Azərbaycan elminin müxtəlif sahələrində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və elmin inkişafına dair yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Alim seminarın mövzusuna toxunaraq qeyd edib ki, son illər professor Seyfəddin Rzasoy tərəfindən “Dədə Qorqud” eposu ilə bağlı silsilə tədqiqatlar aparılır və bu çərçivədə müəllifin 5 monoqrafiyası nəşr edilib. O, professor Seyfəddin Rzasoyun yanaşmalarının özündən əvvəlki baxışlara söykənməklə yanaşı, orijinal elmi mülahizə və konseptləri ehtiva etdiyini vurğulayıb.
Daha sonra Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy “Dədə Qorqud” eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” mövzusunda məruzə edib. Alim eposun mövcud mətninin altında gizli qalmış daha qədim epik qatın – “Alp Aruz variantı”nın mövcudluğu ideyasını elmi əsaslarla təhlil edib. O, bu variantın tədqiqi və bərpası ilə bağlı qarşılaşılan çətinlikləri və layihənin Azərbaycan folklorşünaslığına gətirəcəyi töhfələri geniş izah edib.
Professor qeyd edib ki, mövcud “Dədə Qorqud” mətnində baş qəhrəman kimi təqdim olunan Salur Qazanın davranışları bir çox hallarda Oğuz törəsinə zidd antistruktur xüsusiyyətlər göstərir. Tədqiqatçı dastanın müxtəlif boylarından gətirilən faktlar əsasında Qazanın törəni pozması, Oğuz elində sosial disharmoniya yaratması, bəzi igidlərin qəhrəmanlığını şübhə altına alması kimi epizodları təhlil edib. Bu faktlar göstərir ki, eposun bəzi hissələrində qəhrəman və antiqəhrəman funksiyaları yer dəyişmiş kimi görünür.
Alim məruzəsində xüsusilə Alp Aruz obrazının dastanın dərin qatlarında Oğuz birliyinin qoruyucusu kimi çıxış etdiyini vurğulayıb. Tədqiqatçıya görə, eposun bir çox epizodlarında Alp Aruz haqq-ədaləti və qədim törəni müdafiə edən qəhrəman kimi təqdim olunur, lakin sonrakı mətn redaksiyalarında onun rolu dəyişdirilərək antiqəhrəman statusuna gətirilir. Bu isə eposun formalaşma tarixində müxtəlif ideoloji mərhələlərin mövcudluğunu göstərir.
Məruzə zamanı XIV əsr tarixçisi Aybək əd-Dəvadarinin tarixi mövzuda yazdığı əsərində mövcud olmuş, lakin bizə gəlib çatmamış qədim “Oğuznamə” variantına da istinad edilib. Həmin mənbədə Aruz oğlu Basatın Təpəgözü öldürməsi və bu hadisənin oğuz epik ənənəsində geniş yayılmış hekayətlərdən biri kimi yaşaması haqqında məlumatların verildiyi diqqətə çatdırılıb. Bu faktın da “Alp Aruz variantı”nın mövcudluğu ehtimalını gücləndirdiyi vurğulanıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru Səfa Qarayev, filologiya elmləri doktoru, dosent Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov fikrilərini bölüşüblər.
Seminarın yekununda Hikmət Quliyev qeyd edib ki, “Kitabi-Dədə Qorqud” eposu əlyazma şəklində bizə gəlib çatan mətndir. Başqa sözlə desək, şifahi mətn performanslarından birinin əlyazmalaşmış – “stop kadrı”dır. Yəni əlimizdəki Müqəddimə və 12 boyluq Drezden və 6 boyluq Vatikan əlyazmaları, yaxud sonradan üzə çıxarılan Günbət – Türkmənsəhra nüsxəsi, eləcə də Bursa əlyazması “Kitabi-Dədə Qorqud” eposunun tarixi sosial şərtlər kontekstində ortaya çıxan və əlyazmalaşan şəklidir. Odur ki, “Dədə Qorqud” eposuna yanaşmada variantlar perspektivindən məsələyə baxış konseptual əhəmiyyət kəsb edir. Alim məsələyə bu nəzəri-metodoloji prizmadan yanaşmaqla folklorşünaslıq baxımından sistemli və konseptual tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

