Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistandadır.
Bu barədə “Tehsil365"ə Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tarzən BMM-in əməkdaşlıq etdiyi təhsil müəssisələrində ustad dərsləri keçmək və Novruz bayramı ilə əlaqədar tədbirlərdə iştirak məqsədilə qardaş ölkəyə səfər edib.
Səfər çərçivəsində S.Paşazadə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun tələbə yataqxanasında təşkil olunan bayram şənliyində iştirak edib. İnstitutun rektoru Eldor Şermanov təhsil ocağı haqqında məlumat verib, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışıb.
BMM-in direktoru institutun yataqxanasında fəaliyyət göstərən səsyazma studiyasında olub, tələbələrin çıxışlarını dinləyərək öz tövsiyə və məsləhətlərini verib. Görüşün sonunda tələbələr qonaqları özbək milli mətbəxinin ən tanınan təamı olan özbək aşına qonaq ediblər.

