Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri Ümumdünya Sosial İş Günündə müxtəlif ali təhsil ocaqlarında sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşlər təşkil ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365"ə verilən məlumata görə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Universitetində keçirilən tədbirlərdə tələbələr, eləcə də müəllim heyəti iştirak edib.
Tədbirlər zamanı sosial işin cəmiyyət üçün, xüsusilə də həssas əhali qruplarına dəstək göstərilməsi baxımından mühüm rola malik olduğu vurğulanıb. Eyni zamanda, Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verilib.
İştirakçılara məlumat verilib ki, sosial işçilər əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin təmin edilməsinə, onların cəmiyyətə reinteqrasiyasına və sosial rifahının yüksəldilməsinə əhəmiyyətli töhfə verirlər. Bu baxımdan sosial xidmətlərin keyfiyyətinin artırılması və sosial işçilərin peşəkar inkişafının dəstəklənməsi prioritet istiqamətlərdəndir.
Qeyd edək ki, Ümumdünya Sosial İş Günü hər il mart ayının 3-cü çərşənbə axşamı qeyd olunur və sosial işçilərin əməyinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

