Daşkəsən rayonunda xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə ümumrayon tədbiri təşkil olunub.
“Tehsil365" xəbər verir ki, rayonun Heydər Əliyev meydanında keçirilən Novruz şənliyi bayram tonqalının alovlandırılması ilə başlayıb. Meydanda qurulan səhnədə ululuq rəmzi Dədə Qorqud, saflıq simvolu Bahar qızı, eləcə də Novruzun vazkeçilməz personajları olan Kosa və Keçəl öz məzəli çıxışları və oyunları ilə sakinlərə xoş ovqat bəxş ediblər.
Şənlik çərçivəsində qədim sənət nümunələri, milli mətbəximizin ləziz təamları və bayram xonçaları nümayiş etdirilib. Qonaqlar Daşkəsənin uca dağlarından süzülüb gələn aşıq musiqisini dinləyib, el sənətkarlarının əl işləri ilə yaxından tanış olublar.
Bədii hissədə el aşıqlarının saz ifaları, musiqiçilərin rəngarəng çıxışları və milli rəqslər bir-birini əvəz edib. Eyni zamanda, gənc idmançılar müxtəlif idman nömrələri nümayiş etdiriblər.

