İstanbulda azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət “Rənglərin Zəfəri” mövzusunda sərgi açılacaq.
“Tehsil365“ xəbər verir ki, sərgi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan Rəssamıq Akademiyası, Rəssamlar İttifaqı və Bahçeşehir Universitetinin dəstəyi ilə həyata keçiriləcək.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsi, İzmir Azərbaycan Dərnəyi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəklərinin dəstəyi ilə sərginin İzmir və Antalya şəhərlərində də açılması, Türkiyənin “Mədəniyyət Yolu Festivalı” çərçivəsində Ankaranın Rəsm və Heykəllər Muzeyində nümayişi nəzərdə tutulur.
Sərgidə müasir Azərbaycan qadın rəssamları Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Elena Allahverdiyeva, Leyla İsayeva, Milena Nəbiyeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Sayalı Məmmədova - Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raidə Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Cəmilə Həşimova, Elnarə Misirli, Məhsəti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lalə Abdullayeva, Leyla Əzimbəyova, Səbinə Tutayuk və Aygün Mustafayevanın əsərləri yer alır.
Qeyd edək ki, Azərbaycan rəssamlıq sənəti çox qədim və zəngin bir tarixə malikdir. Bu sənət əsrlər boyu xalqımızın həyat tərzini, dünyagörüşünü və estetik zövqünü əks etdirərək formalaşıb və inkişaf edib. Azərbaycan qadınlarının əsərlərində həm qədim mədəniyyətimizin izləri, həm də müasir dünyanın estetik axtarışlarını görmək mümkündür. Nümayiş etdiriləcək əsərlərdə Vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi, sevgi və digər mövzularda əsərlər daxildir.

