Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub platforması və “Apolitical” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən süni intellekt (Sİ) üzrə ixtisaslaşmış təlimlər davam edir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ”Tehsil365”ə verilən məlumata görə, təlim proqramının məqsədi dövlət idarəçiliyində süni intellekt savadlılığını artırmaq və innovativ, məlumatlara əsaslanan yanaşmaların tətbiqini təşviq etməkdir.
Proqram çərçivəsində Azərbaycanın dövlət sektorundan ilk 100 mütəxəssis süni intellekt üzrə ixtisaslaşmış yeddi kursu uğurla tamamlayaraq sertifikat əldə edib. Təlim çərçivəsində iştirakçılar dövlət qulluqçuları üçün süni intellektin əsasları, süni intellektin dövlət qurumlarına təsiri, Sİ liderliyi, prompt mühəndisliyi, səhiyyə sistemlərində Sİ tətbiqləri, Sİ əsaslı satınalma, süni intellekt və iqlim siyasəti kimi mövzuları əhatə edən tədris materialları ilə tanış olublar.
Kurslar onlayn və öz tempində öyrənmə formatında təqdim olunur. Bu yanaşma dövlət qulluqçularına təlimi çevik şəkildə keçmək imkanı yaradır.
Kursların məzmunu “Apolitical” tərəfindən dövlət qurumları və akademik ekspertlərlə əməkdaşlıq çərçivəsində, o cümlədən SDA Bocconi School of Management-in iştirakı ilə hazırlanıb.
Təqdim olunan kurslardan biri dövlət qulluqçuları üçün “Süni intellektin əsasları” Stanford Universitetinin müəllimlərinin mühazirələrini və Stanford İnsan Mərkəzli Süni İntellekt İnstitutunun (HAI) təlimçiləri tərəfindən hazırlanmış tədris materiallarını əhatə edir.
Proqrama 40-dan çox dövlət qurumunu təmsil edən mütəxəssislər iştirak üçün müraciət edib və bu günədək təlim platformasında 500-dən çox qeydiyyat həyata keçirilib.
Kurslar ASAN AI Hub platformasında iştirakçılar üçün təqdim olunur.
“Apolitical” dövlət qulluqçuları üçün dünyanın ən böyük onlayn şəbəkəsidir. 170-dən çox ölkədə 500 mindən artıq dövlət qulluqçusu həmin platformadan istifadə edir. “Apolitical” dövlət qurumlarına daha effektiv və texnologiyayönümlü təşkilatlara çevrilmək üçün zəruri alətlər, biliklər və əlaqə imkanları təqdim edir.
Bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Apolitical” arasında 2025-ci il dekabrın 2-də imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.

