Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlı layihəyə start verilib.
“Tehsil365“ xəbər verir ki, layihə çərçivəsində Bakı, Mingəçevir, Xankəndi və Ağdam şəhərlərini əhatə edən ümumilikdə 6 məktəbdən 120 şagird və 24 müəllimin iştirakı ilə maarifləndirici təlim-düşərgə təşkil olunacaq.
Məktəblərdə milli-mədəni dəyərlər, etiket qaydaları və milli geyim mövzularında təlimlər, esse və rəsm müsabiqələri, milli kulinariya yarışları və ekskursiyalar keçiriləcək.
Layihə mart-iyul ayları ərzində davam edəcək.
Layihənin yekununda isə “Milli Xalq Oyunları Festivalı” təşkil olunacaq və fərqlənən iştirakçılar mükafatlandırılacaq.
Layihənin məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək və bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaqdır

